Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək
Bu ilin dekabrın 23-də Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, dövlət və özəl qurumların, işgüzar birliklər və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda ticarət dövriyyəsi təxminən 7–8 milyard dollar civarındadır:
"Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəfi müəyyən edilib. Hazırda ticarət dövriyyəsi təxminən 7-8 milyard dollar civarındadır və bu göstəricinin ən azı iki dəfə artırılması gözlənilir. Bu səbəbdən belə biznes forumların əsas məqsədi qarşılıqlı ticarət dövriyyəsinin genişlənməsinə xidmət edən addımların atılması və mövcud maneələrin aradan qaldırılmasıdır. Ümid edirəm ki, Azərbaycan və Türkiyə arasında elə iqtisadi müqavilələr imzalanacaq ki, qarşılıqlı vergi tutulması, gömrük rüsumları və kiçik və orta sahibkarlıqla bağlı problemlər aradan qaldırılsın. Bu da ticarət dövriyyəsinin iki dəfədən çox artırılmasına imkan verəcək".
Xədicə Məhərrəmli
