Bakıda ilk adaptiv “ağıllı işıqfor” sistemi işə salınıb
Bakıda nəqliyyat axınını real vaxtda tənzimləyən adaptiv “ağıllı işıqforlar” pilot layihə çərçivəsində istifadəyə verilib. Layihə Binəqədi rayonunda bir neçə əsas küçə və kəsişmədə tətbiq olunub və şəhərin nəqliyyat infrastrukturunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Sistem sensorlar və kameralar vasitəsilə hərəkət intensivliyini ölçür və toplanan məlumat əsasında işıqforun yaşıl işıq müddətini avtomatik olaraq tənzimləyir. Bu texnologiya sayəsində məqsəd səhər və axşam pik saatlarda tıxacları azaltmaq, hərəkətin fasiləsizliyini təmin etmək və şəhər daxilində nəqliyyatın daha səmərəli hərəkətini təmin etməkdir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu cür ağıllı sistemlərlə problemin qarşısını almaq mümkündür:
“Bu ağıllı radarlar adaptiv sistem kimi fəaliyyət göstərir və nəqliyyatın intellektual idarəetmə sisteminin əsas komponentlərindən biridir. Uzun müddətdir ki, Azərbaycanda bu cür bir sistem — nəqliyyatı intellektual şəkildə idarəetmə mərkəzi qurulub və onun effektiv fəaliyyətini təmin etmək gözlənilirdi. Təəssüf ki, əvvəlki dövrlərdə, xüsusilə də keçmiş Nəqliyyat Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi bu sistemdən səmərəli istifadə edə bilməyib.
Lakin bu gün Daxili İşlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır və nəticə etibarilə bu tip sistemlərin tıxac və sıxlığın qarşısının alınmasında effektiv vasitəyə çevriləcəyi gözlənilir. Bu, özü-özlüyündə olduqca vacib bir elementdir.
Məsələn, günün müəyyən saatlarında hansısa istiqamətdə avtomobil axını daha çox olur, amma işıqforlar hələ də axının zəif olduğu istiqamətə üstünlük verir. Adaptiv sistemlə işləyən bu ağıllı işıqforlar isə real vaxt rejimində bu vəziyyəti izləyərək məlumatı mərkəzə ötürür və dərhal həmin istiqamətə daha uzunmüddətli “yaşıl işıq” tətbiq etməklə tıxacın qarşısını alır.
Bu sistem hələlik test rejimində tətbiq olunur, lakin ümid edirik ki, yaxın gələcəkdə onun effektiv nəticələrini görəcək və geniş şəkildə faydalana biləcəyik. Hazırkı mərhələdə bu sistemin səmərəli istifadəsi Bakı şəhəri üçün çox vacibdir.
Bilirsiniz ki, tıxac problemi hər kəsi narahat edən bir məsələdir və bu problemin necə həll olunacağı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Uzun müddət ərzində icra olunan, lakin nəticə verməyən layihələr insanlarda inamsızlıq yaradıb və belə düşüncə formalaşıb ki, Bakının tıxac problemi heç vaxt həll olunmayacaq. Amma bu cür ağıllı sistemlərlə problemin qarşısını almaq mümkündür.
Belə sistemlərin tətbiqi nəticəsində artıq hər yol ayrıcında bir nizamlayıcı — polis əməkdaşı durmasına ehtiyac qalmayacaq. Əgər hansısa ərazidə sıxlıq yaranırsa, dərhal ora bir əməkdaş göndərmək əvəzinə, sistem özü vəziyyəti analiz edərək avtomatik tənzimləmə aparacaq. Bu, həm də sürücülərin qayda pozmalarının qarşısını almağa kömək edəcək”.
Aydan Əsgərxanlı
