00:00:00
Yazar
Zəhra Həsənova
13.05.2026 21:23 28 3 dəq oxuma
Sosial

Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib

Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib

Bakıda keçirilən “InVision Design Talks BAKU 2026” tədbiri memarlıq, dizayn, şəhərsalma və texnologiya sahələrinin yerli və beynəlxalq nümayəndələrini bir araya gətirib. “Seranit Azerbaijan” və “Sinerji Pro” şirkətlərinin təşkilatçılığı ilə baş tutan tədbirdə süni intellektin dizayn və tikinti sahəsinə təsiri, şəhər estetikasının gələcəyi, rəqəmsal transformasiya və enerji səmərəliliyi kimi mövzular müzakirə olunub. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında Türk dünyasının ortaq memarlıq irsinə toxunaraq Bakının XXI əsr memarlıq baxışını nümayiş etdirən mühüm şəhərlərdən biri olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı  sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, süni intellekt texnologiyaları memarlıq, arxitektura və şəhərsalma sahələrinə ciddi təsir göstərir və bu istiqamətdə müəyyən uğurlar əldə etmək mümkündür. Texnologiyanın tətbiqi şəhərsalma proseslərində sürəti artırsa da, tam şəkildə süni intellektin qərarlarına etibar etmək risklidir:

 

“Burada əsas məsələ süni intellektin necə idarə olunması, necə yönləndirilməsi və ona sistemli yanaşmanın formalaşdırılmasıdır. Ola bilər ki, süni intellekt hansısa detalı nəzərdən qaçırsın və ya müəyyən məqamları düzgün qiymətləndirməsin. Şəhərsalma və memarlıq kimi sahələrdə texnologiyaların tam dominantlığı sosial problemlərə səbəb ola bilər. Süni intellekt müəyyən məkanları, ünvanları və ya memarlıq detalları düzgün interpretasiya etməyə bilər. Bu isə həm şəhər mühitinə, həm də insanların sosial həyatına mənfi təsir göstərə bilər. Texnologiya sürət və rahatlıq baxımından üstünlüklər yaratsa da, memarlıq və şəhərsalmada milli üslubun qorunması üçün ciddi nəzarət mexanizmləri vacibdir. Bəzən süni intellekt müxtəlif memarlıq üslublarını qarışdırır, qrafik və estetik səhvlərə yol verir. Bu baxımdan tapşırıqların dəqiq verilməsi və nəticələrin ciddi şəkildə yoxlanılması önəmlidir. Şəhər mühiti insanların sosial davranışına və psixoloji durumuna birbaşa təsir göstərir. İnsan estetik və komfortlu mühitdə daha rahat yaşayır, daha çox yaratmaq və inkişaf etmək istəyir. Şəhərlə bağlılıq hissi də məhz bu amillərlə formalaşır”.

 

Naib Niftəliyev hesab edir ki, şəhər memarlığı və sosial-mədəni mühit arasında sıx əlaqə mövcuddur:

 

“İnsanların sosiallaşması, davranışı və mədəni xüsusiyyətlərinin formalaşması şəhər mühiti və memarlıqla bağlıdır. Rahat və estetik şəhər mühiti insanlarda həm komfort hissi yaradır, həm də öz şəhərinə bağlılığı gücləndirir. Bakı kimi böyük şəhərlərdə münasibətlər daha dinamik və mürəkkəb olur. Əhali sayı artdıqca şəhər davranışları və sosial münasibətlər də dəyişir. Kiçik şəhərlərdə isə münasibətlər daha lokal və qarşılıqlı tanışlıq üzərində qurulur. Şəhər məkanlarının quruluşu insanların davranışına tam şəkildə təsir etməsə də, sosial münasibətlərin formalaşmasında mühüm rol oynayır. İnsan davranışı etno-mədəni xüsusiyyətlər, psixologiya və sosial dinamika ilə bağlıdır. Şəhər məkanlarının quruluşu isə bu proseslərə müəyyən dərəcədə istiqamət verir. Bakı kimi milyonlarla insanın yaşadığı şəhərlərdə münasibətlər daha kütləvi və mürəkkəb olur. Əhali sayı artdıqca sosial davranışlar və münasibətlər də dəyişir. Orta və kiçik şəhərlərdə isə münasibətlər daha lokal xarakter daşıyır, insanlar bir-birini daha yaxşı tanıyır və münasibətlər daha ehtiyatlı şəkildə formalaşır. Şəhər mühitinin düzgün qurulması həm sosial münasibətlərin inkişafına, həm də insanların psixoloji və mədəni formalaşmasına təsir edən əsas amillərdən biridir”.

Fatimə Hüseynli

#xəbər #gündəm #talks #"invision
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər