00:00:00
Yazar
Nərmin Həşimova
22.04.2026 21:18 21 5 dəq oxuma
Sosial

 

Bakıda kirayə bazarında bahalaşma: qiymətlər nə vaxt sabitləşəcək?

 Bakıda kirayə bazarında bahalaşma: qiymətlər nə vaxt sabitləşəcək?

Son dövrlərdə Bakıda kirayə mənzil bazarında qiymətlərin sürətlə artması vətəndaşların gündəlik həyatına ciddi təsir göstərir. Xüsusilə tələbə axını, paytaxta köçün artması və mənzil təklifinin məhdudluğu bu bahalaşmanı daha da gücləndirir. Mövcud vəziyyət kirayəçilər üçün seçim imkanlarını daraldır, büdcələrə əlavə yük yaradır.

 

Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, tələbat olan yerdə qiymətlər günü-gündən qalxacaqdır:

 

“Bu gün Bakı demək olar ki, dünyanın ən sıx şəhərlərindən biridir. Bu da regionlardan Bakıya urbanizasiya ilə bağlıdır. Bu gün demək olar ki, regionlarımız tamamilə boşalıbdır. Əhali Bakıya üz tutur. Nə üçün üz tutur? Bax, bunun mənbəyini axtarmaq lazımdır. Çünki regionlarda insanlar məşğulluğunu təmin edə bilmirlər, iş yoxdur. Yoxsa regionlarda insanlar öz mənzillərini boş qoyub, qapısına qıfıl vurub niyə Bakıya gəlsinlər, burada niyə kirayədə yaşasınlar və o kirayə haqqını yüksək məbləğdə ödəsinlər? Axı onların regionlarda evləri var və o evlər boşdur. Deməli, bu məsələni kökündən həll etmək lazımdır,  nəzər salmaq lazımdır ki, əhali niyə urbanizasiya edir, regionlar boşalır, Bakı şəhəri dolur və sıxlıq yaranır.  Sıxlıq yarandıqca insanların mənzilə ehtiyacı artır. Ehtiyac artdıqca, tələbat yüksəldikcə isə kirayə haqları daha da yüksək pilləyə qalxır. Demək, regionlarda işsizlik hökm sürür. 30 il bundan əvvəlki dövrdə mövcud olan zavodlar, fabriklər və özəl strukturlar müstəqilliyin ilk illərində demək olar ki, tamamilə dağıdılıb və sonrakı illərdə bərpa olunmayıb. Buna görə də insanlar öz məşğulluğunu təmin etmək üçün Bakı şəhərinə üz tuturlar. Bakı şəhərinə bu qədər əhalinin axışması və ali təhsil ocaqlarının əksəriyyətinin burada yerləşməsi insan axınına səbəb olur, əhali sayını artırır və nəticədə mənzil ehtiyacı yaranır. Regiondan Bakıya gələn insan, əsasən, aylıq əmək haqqı üçün gəlir və kirayədə yaşayaraq öz təminatını həyata keçirir. Belə olduqda onun illərlə ev alması mümkün görünmür və kirayədə yaşamaq məcburiyyətində qalır. Universitetlərin yataqxana sisteminin normal təşkil olunmaması səbəbindən tələbələrin də əksəriyyəti kirayədə yaşayır. Eləcə də gənclərin böyük hissəsi ailə qurduqdan sonra kirayədə yaşamağa məcbur qalır, çünki ev almaq imkanları yoxdur”.  

 

O, həmçinin qeyd edib ki, səbəblərə baxdıqda görürük ki, ali təhsil ocaqlarını bitirən gənclər beş il keçməsinə baxmayaraq sabit iş tapa bilmir, sabit əmək haqqı olan iş yoxdur:

 

“Gənclər üçün işləmək baxımından əlverişli şərait yetərli deyil və onlar diqqətdən kənarda qalırlar. Bu isə ailə qurmanı və uşaq sahibi olmanı gecikdirir, gələcəkdə demoqrafik problemlərə səbəb ola bilər. Bu gün Bakıda kirayə qiymətlərinin artması həm tələbatın çoxluğu, həm də iqtisadi səbəblərlə bağlıdır. Üç-dörd il əvvəl 300-350 manata olan evlər bu gün 700-750 manata kirayə verilir. Bakı şəhərində mənzil qiymətlərinin bahalığı insanların sosial vəziyyətinə ciddi təsir göstərir və onların büdcəsinə ziyan vurur. Orta statistik azərbaycanlının aylıq gəliri təxminən 600-700 manat civarındadır. Əgər bunun 400 manatı kirayəyə gedirsə, qalan məbləğ onun necə çətin şəraitdə yaşadığını göstərir. Gənclər iş tapa bilmədikdə uzun müddət kirayədə yaşamalı olur və bu da onların gələcəyə baxışını zəiflədir. İnsan qazandığı maaşın böyük hissəsini kirayəyə verdikdə, sosial vəziyyəti və gələcək planları zəifləyir.

Regionlarda yeni iş yerləri yaradılarsa, insanlar orada yaşayar və Bakıya gəlməzlər, öz evlərində yaşayaraq kirayə bazarına təzyiq etməzlər. Universitetlərin yataqxanaları olsa və ali təhsil müəssisələri ölkənin müxtəlif bölgələrinə paylansa, Bakıdakı əhali sıxlığı azalar və kirayə qiymətləri bu qədər yüksəlməz. Yəni məsələnin kökü həll olunmalıdır. Əgər kök problemlər həll edilməzsə, gələcək illərdə kirayə qiymətləri daha da artacaqdır. Buna görə də bu problemi yerində və əsasından həll etmək lazımdır ki, gələcəkdə daha böyük çətinliklər yaranmasın”.

 

Əmlak eksperti Elnur Azadov bu barədə bildirib ki, 2021-ci ildən başlayaraq pandemiyadan sonra, əsasən, Bakı şəhərində böyük həcmdə əhali axını müşahidə olunub:

 

“Bu səbəbdən məhz 2021-ci ildən daşınmaz əmlak sektorunda həm kirayə bazarında, həm də satış bazarında artım baş verib. Eyni zamanda, tikinti şirkətlərinə verilən icazələrin sayının məhdudlaşdırılması nəticəsində tikinti sektorunda satışa çıxarılan mənzillərin qiymətlərinin artırılması müşahidə olunmağa başlayıb. Bunun nəticəsində 2020-2022-ci illərdə daşınmaz əmlakın satış qiymətləri təxminən 17-18% artıb. Eyni zamanda, kirayə sektoruna yönələn investisiyaların çoxalması səbəbindən kirayə bazarında da qiymətlər yüksəldi. Orta hesabla 2021-ci ildən bu günə qədər ilkin daşınmaz əmlak bazarında qiymətlərdə təxminən 70% artım müşahidə olunur. İcarə qiymətləri isə təxminən 40-50% artıb. Ən böyük qiymət artımı Bakı şəhəri üzrə qeydə alınıb. Hər ilin nəticəsinə görə orta hesabla satış bazarında qiymət artımı təxminən 10-12%-dən az olmayıb. Kirayə bazarında isə ən azı 5-8% artım müşahidə olunur. Daşınmaz əmlak sektorunda qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri də ucuz kateqoriyalı mənzillərin azalmasıdır. Məsələn, şəhərin bəzi ərazilərində söküntü işləri aparılır. Mərkəzə yaxın ərazilərdə, o cümlədən Kubinka və digər ərazilərdə aparılan söküntülər nəticəsində əvvəllər ucuz kirayə verilən mənzillər bazardan çıxarılır. Bu isə ucuz mənzil fondunun azalmasına səbəb olur və nəticədə bazarda təklif azalır. Bununla yanaşı, şəhərin fiziki genişlənməsi və regionlardan Bakıya olan urbanizasiya prosesi də təsir göstərir. Tələbat artır, lakin təklif azalır və bu fonda qiymətlər davamlı olaraq yüksəlir. Proqnoz isə əsasən ondan asılıdır ki, tikinti və şəhərsalma qurumları tikinti şirkətlərinə daha çox icazə versin. Əgər 2016-cı illə 2026-cı ili müqayisə etsək, inşaat həcminin 8-10 dəfə azaldığını görərik. Tikinti şirkətləri arasında rəqabətin azalması da qiymətlərin artmasına səbəb olur. Ümumilikdə daşınmaz əmlak sektorunda qiymətlərin stabilləşməsi yalnız bazara böyük həcmdə yeni mənzillərin çıxarılması ilə mümkündür. Bu prosesin ən azı 2027-ci ildən sonra baş verə biləcəyi ehtimal olunur. Əgər vaxtında tikinti şirkətlərinə geniş icazələr verilərsə, bazarda balans yarana və qiymətlər müəyyən qədər sabitləşə bilər”.

 

Cavahir Əsgərbəyli

#kirayə #mənzil #artım #bakı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər