00:00:00
Yazar
Zeynəb Yunuszadə
14.05.2026 21:28 23 2 dəq oxuma
Sosial

Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? 

Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər?

"Açıq deyim ki, hazırda biz taksilərin avtobus zolaqlarından istifadəsi məsələsini gündəmdə saxlamırıq. Bunun əsas səbəbi avtobusların hərəkət intervalının qorunmasının bizim üçün prioritet olmasıdır".

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

 

Agentlik rəhbəri vurğulayıb ki, ictimai nəqliyyatın qrafiki təmin edilməsə, görülən digər tədbirlərin heç bir mənası qalmır. Məqsəd sərnişinlərin avtobusa rahat və vaxtında minməsini təmin etməkdir:

 

"Əgər avtobuslar da digər avtomobillərlə birlikdə tıxacda qalacaqsa, insanlar ictimai nəqliyyata üstünlük verməyəcək. Xüsusilə taksi qiymətlərinin çox aşağı - məsələn, 90 qəpik olduğu dövrdə sərnişinlərin avtobusa marağının azalması müşahidə olunurdu".

 

Anar Rzayev qeyd edib ki, vaxtilə taksilərə bu icazəni verən ölkələr artıq qərarlarını yenidən nəzərdən keçirirlər: "Paris, Sinqapur və Nyu-Yorkda avtobus zolaqlarının daha sərt şəkildə təcrid olunması istiqamətində addımlar atılır. Londonda da bu zolaqlara nəzarət sərtləşdirilir. Çünki həmin şəhərlərdə avtobus intervallarının pozulduğu aşkar edilib".

 

AYNA sədri yerli reallıqlara toxunaraq, sistemin sui-istifadə edilmə ehtimalından da danışıb: "Təsəvvür edin ki, hansısa şəxs regionda taksi fəaliyyəti üçün buraxılış kartı alır və Bakıda sərnişinsiz şəkildə avtobus zolağından istifadə edir. Sistem baxımından həmin avtomobil taksi kimi görünür, amma faktiki daşıma həyata keçirmir. Belə halların baş vermə ehtimalını mütləq nəzərə almalıyıq".

 

Sonda bildirilib ki, bu məsələ ilə bağlı hər hansı qərar vermək üçün əvvəlcə ümumi nəqliyyat sistemində müəyyən dəyişikliklər və əlavə tənzimləmələr həyata keçirilməlidir.

#xəbər #taksilər #zolaqlarından #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər