Bakıda tıxacların azalması üçün yeni yol layihələri həyata keçirilir
Bakıda artan nəqliyyat sıxlığını azaltmaq məqsədilə yeni yol layihələri həyata keçirilir. Bu addımlar şəhərdə hərəkətin daha rahat və sürətli təşkilinə yönəlib.
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "İnformator.az"a açıqlamasında bildirib ki, planlara əsasən, Bakı ətrafını əhatə edən yeni dairəvi yollar salınacaq:
"Bakıda artan nəqliyyat sıxlığının azaldılması məqsədilə bir sıra yeni yol və yol qovşağı layihələri icra olunur. Bu layihələr əsasən dairəvi yolların tikintisini və mövcud yollar arasında daha rahat əlaqənin yaradılmasını nəzərdə tutur. Planlara əsasən, Bakı ətrafını əhatə edən yeni dairəvi yollar salınacaq. Bu çərçivədə Binəqədi–Novxanı avtomobil yolu inşa ediləcək. Eyni zamanda Sabunçu ilə Sulutəpə qəsəbələri arasında yeni yolun tikintisi nəzərdə tutulur ki, bu da ərazilərarası əlaqəni xeyli asanlaşdıracaq. Bundan əlavə, Bakı Dairəvi-1 yolu ilə Ziya Bünyadov prospektini birləşdirən yeni avtomobil yolu istifadəyə veriləcək. Mehdiabad–Baksov istiqamətində də yeni yol çəkilməsi planlaşdırılır. Şəhər daxilində isə Yusif Səfərov küçəsinin Babək və Xətai prospektləri ilə birləşdirilməsi layihəsi həyata keçiriləcək. Bu ərazidə əlavə körpülərin tikintisi də nəzərdə tutulur".
Müsahib qeyd edib ki, Məhəmməd Xiyabani küçəsində tunel və dairəvi yolun inşası, həmçinin yol qovşağının yenidən qurulması planlaşdırılır:
"Digər mühüm layihələrdən biri Tbilisi prospekti, Akademik Həsən Əliyev və Şəfayət Mehdiyev küçələrinin kəsişməsində yeni yol qovşağının yaradılmasıdır. Bu ərazidə tunellər, yol ötürücüləri və yeni bağlantılar inşa olunacaq. Regionlararası əlaqələrin gücləndirilməsi məqsədilə M4 Bakı–Şamaxı–Yevlax yolu ilə Xırdalan arasında yeni yol ötürücüsü tikiləcək. Bununla yanaşı, Xırdalanın mərkəzindən Bakı–Şamaxı yoluna birbaşa çıxış təmin ediləcək. Xırdalan ilə Masazır–Novxanı istiqamətində də yeni avtomobil yolunun salınması planlaşdırılır. Dərnəgül nəqliyyat mübadilə mərkəzinin inkişafı istiqamətində işlər artıq davam edir. Böyükşor küçəsi ilə əlavə əlaqələndirici yolların yaradılması da nəzərdə tutulur. Bu layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat axınının tənzimlənməsinə, sıxlığın azalmasına və qəsəbələrə gediş-gəlişin daha rahat təşkilinə xidmət edəcək. Layihələr geniş təhlillər əsasında hazırlanıb və uzunmüddətli, fundamental həll kimi qiymətləndirilir".
Səmayə Səftərova