Bakıda Yeni il gecəsi restoran qiymətləri
Bakıda Yeni il gecəsini restoranda qeyd etmək istəyənlər üçün qiymətlər fərqlidir. Bəzi əyləncə məkanlarında bir nəfər üçün qiymət 400 manata qədər çatır, digərlərində isə 150–200 manat arası dəyişir. Bir sıra restoranlarda qiymətlər masanın səhnəyə yaxınlığına görə müəyyən olunur.
Mövzu ilə bağlı əhalinin fikirlərini öyrəndik.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Mustafayeva Aişə “İnformator.az”a açıqlamasında fikirlərini bildirib, 150–200 manatlıq qiymət Bakıda Yeni il gecəsi üçün orta səviyyəli hesab oluna bilər:
“Proqram, canlı musiqi və menyu nəzərə alınsa, bu məbləğ bəzi ailələr üçün normal, bəziləri üçün isə artıqdır.
400 manatlıq Yeni il proqramı isə hər kəs üçün əlçatan deyil. Yalnız yüksək səviyyəli şou və xüsusi xidmət təklif olunarsa, maraqlı ola bilər, əks halda çox bahadır.
Düşünürəm ki, bir çox restoran Yeni il gecəsi tələbatın artmasını əsas gətirərək qiymətləri süni şəkildə yüksəldir. Bu da hər kəsin bayramı istədiyi kimi qeyd etməsinə imkan vermir”.
Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Fidan Süleymanova bildirib ki, qiymətlər açıq-aşkar şəkildə artırılır:
“Mənə görə bu qiymət bahadır. Yəni, bu qiymət aralığı normal deyil, bahadır.
Heç vaxt getmək istəmərəm. Onun yerinə ya evdə öz ehtiyaclarımı təmin edib keçirərəm, ya da ailəmlə birlikdə qeyd edərəm.
Qiymətləri süni yox, açıq-aşkar şəkildə artırırlar. Bu, real görünmür, məqsədli şəkildə çox baha qoyurlar”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Səyyarə Babayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu məsələ insanın gəlirindən, büdcəsindən və Yeni ilə yanaşmasından asılıdır:
“Əslində, 150–200 manatlıq qiymət insanın imkanına görə dəyişə bilər. Bu, bəzi təbəqə üçün baha sayıla bilər, bəziləri üçün isə yox. El arasında belə bir deyim var: ‘Hərə yorğanını ayağına görə uzadır’. Yəni, bu məsələ insanın gəlirindən, büdcəsindən və Yeni ilə yanaşmasından asılıdır. Məsələn, 400 manatlıq bir Yeni il proqramına qatılmaq nə qədər doğrudur, bilmirəm. Axı sən o 400 manatı bir nəfərlik ödəyirsən və bu məbləğ qarşılığında sənə nə təqdim olunur? Bu, həmin qiyməti qarşılayırmı? Mənim fikrimcə, 400 manat çoxdur və bu cür tədbirlərə bu qədər pul xərcləmək doğru deyil. Həmin məbləği daha faydalı istiqamətlərə yönəltmək olar, nəinki bir neçə saatlıq əyləncəyə.
Yeni il gecəsində qiymətlərin süni şəkildə artırılması məsələsinə gəlincə isə, bəli, bu hiss olunur. Bayramlar zamanı restoranlar və ictimai məkanlar qiymətləri qaldırır. Bu da daha çox qazanc əldə etməyə hesablanıb. Amma yenə də hər şey insanın seçimindən asılıdır: istəsə, həmin məkanlarda iştirak edər, istəməsə — etməz. Ümumilikdə isə, süni qiymət artımı çoxdur”.
Aydan Əsgərxanlı
