00:00:00
Yazar
Ayşən Səlimova
29.03.2026 19:40 16 2 dəq oxuma
Sosial

Bakıda yeraltı keçidlər əlçatan deyil

Bakıda yeraltı keçidlər əlçatan deyil

Son günlər sosial mediada yayılmış videolarda Bakıdakı bəzi yeraltı keçidlərin uşaq arabaları və fiziki məhdudiyyətli şəxslər üçün uyğun olmadığı diqqət çəkir. Bu vəziyyət həm təhlükəsizlik, həm də cəmiyyətin əlçatanlıq standartları baxımından ciddi narahatlıq doğurur.

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev “İnformator.az”a bildirib ki, əlbəttə, bu inklüzivlikdir:

 

“Yəni hər bir fərd kateqoriyasından asılı olmayaraq - fiziki məhdudiyyəti olan, olmayan və s. Hər kəs yaradılmış infrastrukturdan yararlana bilməlidir. Yəni orada istər əlil arabası olsun, istər uşaq arabası olsun, istər görmə məhdudiyyəti olanlar üçün zolaqların yaradılması - bunların hamısı təşkil edilməlidir. Biz ümumiyyətlə uzun müddət yalnız avtomobillərin hərəkəti üçün yolların çəkilməsi, zolaqların yaradılması, körpülərin və tunellərin tikilməsi ilə məşğul oluruq və uzun müddətdir bu məsələlərə kifayət qədər diqqət yetirmirik. Bu da istər-istəməz hazırkı sıxlığın, tıxacların yaranmasına ciddi təsir göstərib. Böyük şəhərlərin dünya təcrübəsi göstərir ki, piyadaların, səkilərin və qeyd etdiyimiz digər məsələlərin təşkili vacib amillərdəndir. Düzdür, son dövrlər yaradılan və qurulan infrastruktur - zolaqlar, mikromobillik imkanları, avtobus zolaqları, keçidlər, işıqforlar və s. Hamısı bu istiqamətdə atılan addımlardır. Gec də olsa, artıq bu sahədə ciddi işlər görülür. Bakı şəhərinin baş planında nəzərdə tutulan qlobal dəyişikliklərdə də bu detalların hamısı əksini tapıb. Ümumiyyətlə, biz piyada yönümlü şəhər yaratmağı planlayırıq. Piyada yönümlü şəhərdə əsas məqsəd piyadaların rahatlığını təmin etməkdir. Üst keçid və alt keçidlər minimuma endirilməlidir. Keçidlər bir səviyyədə təşkil olunmalıdır. Yəni piyada tunelə düşmək, alt keçiddən istifadə etmək və ya 5-6 metr hündürlüyə pillələrlə qalxmaq məcburiyyətində qalmamalıdır. Bir səviyyəli, işıqforla tənzimlənən və ya tənzimlənməyən keçidlər təşkil edilməlidir. Bu da qarşıya qoyulan əsas məsələlərdəndir. Artıq bu konsepsiya rəsmi şəkildə qəbul edilib. Yəni piyada yönümlü şəhər modeli bu istiqamətdə atılan addımlarla göstərir ki, biz mütləq bu yolla irəliləməliyik”.

 

Cavahir Əsgərbəyli

#xəbər #yeraltı #bakıda #əlçatan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər