Baltikdə gərginlik: Kalininqradı gözləyən təhlükə
NATO-nun Kalininqrad vilayətinə münasibətdə məsuliyyətsiz siyasəti birbaşa silahlı toqquşma risklərini artırır.
Bu barədə Belçikadakı Rusiya səfirliyi NATO-ya xəbərdarlığında bildirib. Səfirlik bildirib ki, NATO ölkələrinin Kalininqrad vilayətini mühasirəyə yönəlmiş hər hansı cəhdləri olacağı təqdirdə, Rusiya öz ərazisini qorumaq üçün sərəncamında olan bütün silah arsenalından istifadə etməyə hazırdır:
“Böyükmiqyaslı qarşıdurmanın qarşısını almaq məqsədilə alyans ölkələrini gələcəkdə eskalasiyaya səbəb ola biləcək bəyanat və addımlardan çəkinməyə çağırmışıq”.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Xaqani Cəfərli bildirib ki, Rusiyanın növbəti il üçün hərbi xərclərini kəskin artırması Putinin yeni müharibə planlarının olduğu qənaətini gücləndirir:
“Reuters agentliyinin yaydığı məlumata görə Kreml 2027-ci il üçün nəzərdə tutulan xərcləri əvvəl nəzərdə tutulduğu 13,5 trilyon rubldan 17,1 trilyon rubla qədər artırmağ planlaşdırır. Ümumillikdə isə növbəti üç ildə ümumi hərbi xərclər 50 trilyon rubl təşkil edəcəyi gözlənilir. Bu rəqəmin artma ehtimalı da yüksəkdir. Rusiyanın hərbi əməliyyatların miqyasını genişləndirmək niyyətində olduğuna işarə edən başqa bir məqam Putinin bu il ərzində dördüncü dəfə olaraq Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətini artırmasıdır. Ümumillikdə isə Ukraynaya qarşı cinayətkar müharibə başlayandan Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı yeddinci dəfədir ki, artırılır”.
Siyasi şərhçi əlavə edib ki, Bütün bunlar Rusiyanın müharibənin miqyasını artırmağa hazırlaşdığı qənaətini gücləndirir. Bu mənada Rusiya səfirliyinin Kalininqradla bağlı xəbərdarlığı real hərbi toqquşma ehtimalının artdığını göstərir:
“NATO-nun bu ehtimala qarşı Şərq cinahını gücləndirdiyi müşahidə olunur. Baltikyanı respublikaların ərazisində müttəfiqlərin hərbi birləşmələri artılır, müdafiə sədləri yaradılır. Rusiyanın NATO ilə toqquşma ehtimalını azaldan əsas məqam Rusiyanın resurslarının yetərli olmamasıdır. Ukraynaya qarşı müharibədə uğur qazana bilməyən Rusiyanın zəngin və müasir texnika ilə silahlanmış Avropaya qarşı uzun müddətli müharibə apara bilmə ehtimalı istisna edilir”.
Aysu Qədirzadə