“Bank daha çox vəsait cəlb etmək üçün faiz dərəcələrini qaldırır”
Bu ilin üçüncü rübündə ən çox faiz xərci çəkən bank "Azərbaycan Beynəlxalq Bankı" (ABB) olub. Bank rüb ərzində 283,4 milyon manatlıq faiz ödənişi həyata keçirib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, bankın cəlb etdiyi vəsaitlər artıb:
"Azərbaycan Beynəlxalq Bankının faiz xərclərinin artmasının bir neçə səbəbi var. Bankın cəlb etdiyi vəsaitlər artıb. Artanda təbiki, faiz ödənişləri də artır. Bank daha çox vəsait cəlb etmək üçün faiz dərəcələrini qaldırır, bu da faiz ödənişlərinin artmasına səbəb olur. Ümumi Azərbaycanda da faiz dərəcəsi artıb. Məsələn keçən il manat üzrə depozitlərdə ortalama faiz dərəcəsi 7,8 faiz idisə, bu il 9 faizə yaxınlaşıb. Təbiki belə şəraitdə bankın da faiz dərəcəsi artıb, çünki resursları bu cür depozitlərə cəlb etmək üçün banklar arasında rəqabət artıb. Bu da bütün bankların faiz dərəcəsi ödənişində öz təsirini tapıb. Bu ilin 1-ci rübündə əməliyyat xərcləri 213 milyon olub. Bu 2024-cü ilin 1ci rübü ilə müqayisədə 50 faiz artımdır. Manitar siyasətin nəticəsi olaraq pul bazarının şərtlərindən yararlanaraq banklar belə faiz dərəcəsi qoyurlar. İlk növbədə banklar depozitlərə yüksək faiz təklif edəndə görünür, bankların likviditlərə ehtiyacı var. Bu da ümumilikdə banklar arasında rəqabətin güclənməsinə gətirib çıxarır və eyni zamanda banklar arasında faizlərin yüksəlməsinə səbəb ola bilər”.
Həmçinin iqtisadçı qeyd edib ki, hazırda bankların depozit xərcləri artımı həm də kredit faizləri ilə əlaqəlidir:
“Depozitlər banklar üçün əlavə resursdur, bu da kredit faizlərinin artmasına səbəb olur. Kredit faizlərinin artması real sektor üçün təhlükəlidir. Bu yeni investisiyaların, real sektorun böyüməsinin qarşısını alır, iqtisadi aktivliyi azaldır. Faiz dərəcəsi qalxarsa bu mərkəzi bankın uçot dərəcəsinə, banklar arası faiz dərəcəsinə təzyiq yaradır. Bu zaman mərkəzi bankın təyin etdiyi faiz dərəcəsi aşağıdırsa ona yenidən baxa bilir. Əks halda təzyiq, arada gərginlik yaranır. Resursları çox yüksək faizlə cəlb etmək bankların mənfəətinə mənfi təsir göstərir, çünki bu ödədikləri faiz dərəcəsi bank üçün pulun maya dəyəridir”.
Günel Əlili
