Banklar 22 milyard manatdan çox kredit verib
2026-cı ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 946.7 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9.08% çoxdur.Kredit qoyuluşunun 7 milyard 867.3 milyon manatı (24.6%) dövlət banklarının, 22 milyard 195.7 milyon manatı (69.5%) özəl bankların, 1 milyard 883.7 milyon manatı (5.9%) isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, kredit qoyuluşlarının artması yaxşıdır:
"Kredit verilir. Ya kredit götürən adam gedib məhsul alır və kredit vasitəsi ilə alış gücü artır. Həm də eyni zamanda şirkətlər üçün satmaq imkanı yaradır, yəni iqtisadi aktivlik üçün vacibdir. Kredit olmasa şirkətlərin satışı düşər, şirkətlərdə ixtisarlar gedər, şirkətlər kiçilər. Bu baxımdan kredit nə qədər sürətli axtarsa, bir o qədər yaxşıdır. Amma təbii ki, krediti də hər adama vermirlər. Ona görə məhdud bir şəkildə artır, riskləri idarə edərək kredit verirlər. Yerdə qalan dövlət banklarıda özəlləşdirilməlidir. Bank sektorunda dövlət olmalı deyil. İndi iki dənə dövlət bankı var: Azərtürk bank və Beynəlxalq bank.Bunlar da özəlləşdirilməlidir. Kredit nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki kredit nə qədər kredit çox vermək istəsələr kreditin qiyməti də aşağı düşür, faizi də aşağı düşər. Kredit nə qədər sürətlə artırsa, demək bir o qədər onu götürməyə imkanına malik olan və onu götürüb təyinatına uyğun istifadə edən şəxslər mövcuddur".
Günel Əlili
