Banksinin yeni muralı London məhkəməsində qalmaqal yaradıb
Məşhur küçə rəssamı Banksinin yeni əsəri Londonun mərkəzində yerləşən Kral Ədalət Məhkəmələrinin divarında peyda olub. Rəsm ənənəvi parik və qara xalat geyinmiş bir hakimi yerə uzanan etirazçıya zərbə endirərkən təsvir edir, etirazçının lövhəsinə qan sıçrayır.
Rəsmdə konkret bir hadisəyə və ya səbəbə işarə edilməsə də, onun görünməsi Londonda Fələstin Aksiyasına qoyulan qadağaya qarşı keçirilən etirazdan iki gün sonra baş verib. Həmin etiraz zamanı təxminən 900 nəfər həbs olunub.
Əsər tez bir zamanda iri plastik örtüklərlə və metal baryerlərlə gizlədilib. Məhkəmə rəsmiləri BBC-yə bildiriblər ki, əsər divardan silinəcək.
Metropolitan polisi hadisə ilə bağlı “mülkiyyətə zərər vurma” şikayəti aldığını və araşdırmaların davam etdiyini bildirib.
Ədliyyə Nazirliyi yanında Məhkəmələr və Tribunal xidmətinin sözçüsü qeyd edib ki, Kral Ədalət Məhkəmələri siyahıya alınmış tarixi abidədir və “orijinal xarakterini qorumaq məcburiyyətindədir”.
Banksinin seçdiyi yer Ədalət Məhkəmələri kompleksinin bir hissəsi olan Queen’s Building-in Carey Street-ə baxan xarici divarı idi. Adətən sakit olan bu küçə bazar ertəsi günü yeni gizlədilmiş divar hissəsinin şəklini çəkən insanlarla dolu idi. Binanın qarşısında duran iki mühafizəçidən biri isə nə qədər müddət ora təhkim olunacağını bilmədiyini, amma “Heç olmasa yağış yağmır” – deyə əlavə edib.
BBC NEWS
Banuçiçək Məmmədova
