00:00:00
Yazar
Admin User
09.12.2025 18:13 104 3 dəq oxuma
Sosial

Bayram əhvalı: Həmrəylik Günü və Yeni ilə doğru

Bayram əhvalı: Həmrəylik Günü və Yeni ilə doğru

Artıq 2025-ci ilin son günləri yaxınlaşır. Qarşıdan həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı gəlir. Ölkə ərazisində bayram ab-havası daha da güclənir. Hər kəs öz planlarını qurur. Kiminin yolu xaricə, kimininki isə doğma vətəndə ailə hüzuruna doğru uzanır. Şəhərdə işıqlandırmalar artır, məktəblərdə uşaqların səsi, küçələrdə insanların tələskən addımları bayramın nəfəsini hiss etdirir.

 

Bu münasibətlə biz bir neçə fərqli sahədən olan şəxslərlə danışdıq və bayramın onlara necə təsir etdiyini öyrəndik.

 

İlk olaraq, müəllimdən müsahibə götürdük. Şagirdlərin bayram günlərində necə olduqları ilə bağlı da maraqlı suallar verdik.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Azərbaycan dili müəllimi Şəhla Mayılova bildirib ki, bayram günləri yaxınlaşanda uşaqlarda qəribə bir enerji yaranır:

 

"Elə bil hərəsi içinə bir balaca günəş gizlədib. Dərslərdə daha aktiv olurlar, yeni ideyalar ortaya atırlar. Xüsusilə rəsmlər və layihələr zamanı elə yaradıcı fikirlər deyirlər ki, insan təəccüblənir. Bayram onları həm ruhlandırır, həm də dərs prosesinə rəng qatır.  Biz hər il çalışırıq ki, bu bayramı təkcə şənlik kimi yox, həm də dəyər kimi yaşadaq. Şagirdlərlə birlikdə kiçik səhnəciklər hazırlayırıq, Həmrəylik Gününün mahiyyətini izah edirik. Eyni zamanda bayram sərgiləri, xeyriyyə aksiyaları edirik. Ən gözəli isə odur ki, uşaqlar bunu sevə-sevə edirlər. Bu bayram onlarda həm birlik hissi, həm də paylaşma mədəniyyəti yaradır". 

 

Vətəndaşlara da suallar ünvanladıq. Onlardan biri Ramil Mustafayev açıqlamasında bildirib ki, bu il heç yerə getmək istəmirəm:

 

"Ən böyük xoşbəxtliyim ailəm eyni süfrə arxasında oturmaqdır. Evimizin istisi, uşaqların səsi, bayram süfrəsinin ətri - bunlar onun üçün hər yerdən dəyərlidir. Ona görə bu il bayramı sakit və ailə dolu keçirmək fikrindədir. İnsan elə bil bir az daha yumşalır. Hər kəs bir-birinə daha mehriban, daha anlayışlı olur. Bayram yaxınlaşdıqca üzlərdə təbəssüm çoxalır, evdə də, işdə də başqa bir enerji olur. Bayram mənə sanki yeni nəfəs verir". 

 

Tələbələrin də fikrini öyrənmək istədik. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi Nuray Əlibəyova bildirib ki, onlara sessiya stresindən sonra bayram nəfəs kimi gəlir:

 

"Dostlarla birlikdə həm Həmrəylik Günü, həm də Yeni ili qeyd etmək motivasiya verir. Universitetdə tədbirlər olur, fotolar çəkilir, hamı bir-birini təbrik edir. Sanki kampus daha işıqlı olur. Biz hər il özümüzə kiçik ənənə quraraq- toplaşırıq, biri musiqi qoyur, biri yemək hazırlayır, biri hədiyyələr gətirir. Bu il də elə etmək istəyirik. Ən dəyərli an budur ki, heç kim özünü tək hiss etmir". 

 

Mövzu ilə bağlı şagirdləri də dinlədik. Qəbələ rayon Qaradeyin kənd tam orta məktəbinin şagirdi Mustafayev Samir bildirib ki, ən çox evdə ağac bəzəməyi sevir:

 

"Sonra dostlarım ilə qar topu oynayıram. Məktəbdə də müəllimlər bayram tədbiri edəndə çox sevinirəm. Bayram mənə da çox xoş gəlir! Hamı bir-birinə təbrik deyir, hədiyyə verir, mehriban olur. Elə bil insanlar daha yaxınlaşır. Məncə, bayramlar bunun üçündür - bir yerdə olmaq üçün".

 

 

Bütün bu fikirlər göstərir ki, Həmrəylik Günü və Yeni il bayramı təkcə təqvimdə bir tarix deyil, insanların qəlbinə toxunan bir duyğudur. Kimisi ailəsinin yanında sakit bir gün arzulayır, kimisi dostlarla birlikdə şən anlar yaşamağa can atır, kimisi isə məktəbdə və universitetdə paylaşmanın, bir olmağın dadını çıxarır.

 

Bayram günləri insanları bir-birinə bir addım da yaxınlaşdırır. Küçələrdəki işıqlar, evlərdəki hazırlıq səsi, uşaqların gülüşü, hər kəsin dilində eyni təbrik… Bu günlər həm ümid gətirir, həm sevgi, həm də birlik hissini yenidən oyadır.

 

2025-ci ilin sonuna yaxınlaşdığımız bu günlərdə arzu edək ki, yeni il hər bir evə daha çox işıq, hər bir insana daha çox sevinc, hər bir ailəyə isə bərəkət və xoş günlər gətirsin.

 

Bayramınız mübarək, birlik və həmrəylik dolu günləriniz bol olsun!

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər