00:00:00
Yazar
Banuçiçək Məmmədova
19.03.2026 20:53 25 2 dəq oxuma
Sosial

Bazarlarda açıq şəkildə satılan balıqlar: gigiyena və sağlamlıq təhlükəsi

Bazarlarda açıq şəkildə satılan balıqlar: gigiyena və sağlamlıq təhlükəsi

Son zamanlar bəzi bazarlarda balıqların açıq şəkildə, heç bir qoruyucu şərait olmadan satışa çıxarılması ciddi narahatlıq doğurur. Günəş altında saxlanılan, üzəri örtülməyən və gigiyenik qaydalara əməl olunmadan təqdim edilən bu məhsullar həm keyfiyyət baxımından, həm də insan sağlamlığı üçün risk yaradır. Xüsusilə isti havalarda bu cür satış forması balıqların tez xarab olmasına və zəhərlənmə hallarının artmasına səbəb ola bilər. 
 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, balıq yüksək risk qrupuna aid qida məhsuludur:

 

“Əsas məsələ temperaturdur. İsti havada balığın üzərində və içində olan mikroorqanizmlər çox sürətlə artır. Soyuq zəncir qırılırsa, balıq təkcə dadını, qoxusunu itirmir, zəhərlənmə riski də artır.
Çoxumuzun bilmədiyi, amma vacib bir detal var. Bəzi balıq növlərində, düzgün soyudulmayanda histamin deyilən maddə arta bilir. Problem ondadır ki, sonradan yaxşı bişirərək hər şeyi sıfırlamaq mümkün olmur. Yəni riskin bir hissəsi bişirmə ilə aradan qalxmır. Açıq satışın başqa bir tərəfi də çirklənmədir. Toz, milçək, tez-tez əllə toxunma, çiy balığın suyunun ətrafa yayılması da risk yaradır. Bu hallar çarpaz çirklənməni artırır. Bəzən balıq elə həmin gün tutulub gətirilsə də, günün istisində, üstü açıq qalanda təhlükəli olur. Satıcılar məhsulların keyfiyyətini qorumaq üçün bir neçə sadə qaydalara diqqət etməlidir. Balıq mütləq soyuqda olmalıdır. Ən praktik yol balığı buz üzərində saxlamaq və buzun daim yenilənməsidir. Günəşdən qoruma vacibdir. Kölgə, üstüörtülü zona, mümkün qədər sərin mühit lazımdır. Günəş altında balıq daha riskli olur. Buz və su təmiz olmalıdır. Buz qida ilə təmas edirsə, o buzun hazırlandığı su da təhlükəsiz olmalıdır. Əks halda buz balığı qorumaq əvəzinə çirklənmə mənbəyinə çevrilir. Satıcının əl yuma imkanı, təmiz alət, səth, çiy balıq suyunun hər yana axmaması, tullantının vaxtında çıxarılması da vacibdir.  Balıq nə qədər uzun müddət satışda qalırsa, risk də o qədər artır. Belə satış adi hala çevriləndə zəhərlənmə halları arta bilər. Biz istehlakçı olaraq çox vaxt səbəbi düzgün qoymuruq. Balıq təhlükəlidir deyə ümumiləşdirməməliyik. Çox vaxt problem balığın özündə yox, saxlanma və satış şəraitində olur”.

 

Banuçiçək Məmmədova

#bazarlarda #azərbaycan #şəkildə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər