Bədən dismorfik pozuntusu
Bu sahəyə marağın artması onun psixoloji tərəflərini ön plana çıxarır. Araşdırmalara görə, təkrar estetik müdaxilələrə müraciət edənlərin təxminən 30%-i bədən dismorfik pozuntusu ilə üzləşir. Bu pozuntu insanın bədənindəki real olmayan və ya çox cüzi qüsurları şişirdilmiş şəkildə qavraması ilə xarakterizə olunur və estetik müdaxilələr bəzən daxili narahatlıqların ifadəsinə çevrilir.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində psixoloq Əsmayə Hüseynzadə bildirib ki, bədən dismorfik pozuntusu (BDP) insanın zahiri görünüşündə ya ümumiyyətlə mövcud olmayan, ya da çox cüzi olan bir xüsusiyyəti ciddi qüsur kimi qavraması və bununla bağlı intensiv narahatlıq yaşaması ilə xarakterizə olunan psixoloji pozuntudur:
“Bu narahatlıq insanın gündəlik həyatına, sosial münasibətlərinə və emosional vəziyyətinə birbaşa təsir edir. Adi görünüş narazılığı isə daha keçicidir. İnsan bəzən görünüşündən narazı qala bilər, lakin bu fikir onun bütün düşüncə sistemini zəbt etmir, gündəlik fəaliyyətinə mane olmur və həyat keyfiyyətini ciddi şəkildə aşağı salmır. BDP zamanı isə fərd saatlarla güzgüyə baxa, qüsuru gizlətməyə çalışa, sosial mühitdən uzaqlaşa və dəfələrlə estetik müdaxilələrə müraciət etsə belə, əldə edilən nəticədən məmnun qalmaya bilər. Bədən dismorfik pozuntusu əsasən yeniyetməlik dövründə başlayır və erkən yetkinlik yaşlarında daha qabarıq şəkildə üzə çıxır. Xüsusilə 15–30 yaş aralığında müşahidə olunma tezliyi daha yüksəkdir. Bu dövr insanın şəxsiyyətinin formalaşdığı, sosial müqayisələrin artdığı və bədən imicinə həssaslığın yüksəldiyi mərhələdir. Sosial medianın təsiri, ideal görünüş modellərinin davamlı təbliği və “mükəmməl bədən” anlayışının normaya çevrilməsi bu yaş qrupunda pozuntunun yaranma riskini artıran əsas amillər sırasındadır. Pozuntu yalnız gənclərlə məhdudlaşmır və müalicə olunmadıqda daha irəli yaşlarda da davam edə bilər. Bədən dismorfik pozuntusunun müalicəsində əsas yanaşma psixoterapiyadır. Xüsusilə kognitiv-davranış terapiyası (KDT) bu sahədə ən effektiv üsullardan biri hesab olunur. Terapiya prosesində insanın öz bədəni ilə bağlı qeyri-real inancları müəyyən edilir, bu düşüncələrin necə formalaşdığı araşdırılır və daha sağlam düşüncə modelləri ilə əvəzlənməsi üzərində işlənilir.
Bəzi hallarda, xüsusilə güclü narahatlıq və ya depressiya müşahidə edildikdə, psixiatr nəzarəti altında medikamentoz müalicə də tətbiq oluna bilər. Estetik əməliyyatlar isə BDP-nin müalicəsi hesab edilmir və əksər hallarda problemin kökünü həll etmədən narahatlığı daha da dərinləşdirir. Erkən diaqnoz və peşəkar psixoloji dəstək olduqca vacibdir. İnsan öz dəyərini yalnız zahiri görünüş üzərindən deyil, şəxsiyyət, bacarıq və emosional resurslar prizmasından görməyi öyrəndikdə, bədənlə bağlı narahatlıqlar da tədricən zəifləyir”.
Ədilə Hüseynzadə
