BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Media Group”un prezidenti Vüsalə Mahirqızı olub
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən “Danışır təcrübə” layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Media Group”un prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.
Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev ölkənin media məkanında xüsusi çəkisi olan jurnalistlərlə silsilə görüşlərin artıq fakültənin ənənəsinə çevrildiyini bildirib. O, “APA Media Group”un Azərbaycanda onlarla jurnalist üçün məktəb olduğunu bildirib, onun rəhbəri Vüsalə Mahirqızının peşəkar jurnalist, redaktor, işəgötürən kimi iş prinsiplərini tələbələrin diqqətinə çatdırıb. Belə tədbirlərin gənc jurnalistlərin düzgün istiqamətləndirilməsində və peşəkar kadr kimi yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb: “Bugünkü görüşdə də illərin təcrübəsini dinləyəcəyik”.
Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihə barəsində məlumat verib. Gənc jurnalistlərin peşəkarların praktik fəaliyyəti ilə yaxından tanış ola biləcəyi vahid platformanı formalaşdırmaq məqsədilə keçirilən “Danışır təcrübə” layihəsində tələbələri aktiv olmağa çağırıb.
Daha sonra çıxış edən Əməkdar jurnalist Vüsalə Mahirqızı mediadakı fəaliyyəti ilə bağlı təcrübələrini tələbələrlə bölüşüb. Bildirib ki, xəbər materialında dəqiqlik operativlikdən daha vacibdir, peşəkar jurnalist, media qurumu öz nüfuzunu oxucularına verdiyi dəqiq məlumatlarla qaldırır və saxlayır: “Jurnalistin əsas işi xəbərdir. Onun hadisənin, xəbərin içində olması əsas təcrübəsidir. Bu təcrübə nə qədər çoxdursa, həmin jurnalist və ya media qurumu auditoriyası üçün o qədər qiymətlidir. Yaxşı jurnalistin üstünlüyü yenə də onun işində, qələmində, operativliyində və düzgünlüyündədir. Bu gün həmin meyarlar gözlənilməsə də, oxucu yenə də əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün bizə - yəni, dəqiq olan mənbəsinə müraciət edir. Jurnalisti qiymətli edən budur”.
Rəhbərlik etdiyi media qurumunun Cənubi Qafqazın birincilərindən olduğunu vurğulayan “APA Media Group”un prezidenti bu uğurun təcrübəyə, peşəkarlığa, dəqiqliyə əsaslandığını deyib: “Bu gün “APA Media Group”un daxilində "Azəri-Press" Agentliyi (APA) MMC, “Lent.az”, “Vesti.az”, “APASport.az”, “Kulis.az”, APA TV kimi müxtəlif media qurumları fəaliyyət göstərir. Öz sahəsində müxtəlif ilkləri reallaşdıran qurumumuz yeniliklərin tətbiqini də daim əsas götürür. 2024-cü ildə yaradılan “APA Jurnalist Məktəbi” də peşəkar kadr hazırlığı prosesində müasir yanaşmanı ortaya qoyur. Bir zamanlar ailəmizin üzvü olan jurnalistlər, redaktorlar artıq öz müstəqil sayt və agentliklərinin rəhbəridirlər. Bütün bunlar ölkə mətbuatına verdiyimiz töhfənin göstəricisidir”.
Vüsalə Mahirqızı tələbələrə dilimizin imkanlarından düzgün istifadə etməyin jurnalist yazısı üçün əsas tələb olduğundan da söz açıb: “Çünki jurnalistin yazısı, reportajı və müsahibəsi onun əsəridir”.
Sonda Vüsalə Mahirqızı tələbələrin suallarını cavablandırıb.
