BDU-da memarlıq abidələrinin qorunması məsələsi müzakirə olunub
Bakı Dövlət Universitetində “Yeni şəhərlərin salınmasında memarlıq abidələrinin qorunması prinsipləri” mövzusunda elmi tədbir baş tutub. Tədbir ölkədə elan olunan şəhərsalma və memarlıq ili, xüsusilə,Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda təşkil olunub. Tədbirin qonağı Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı,tarix elmi üzrə fəlsəfə doktoru Fariz Xəlili olub. O, çıxışı zamanı mədəni və arxeoloji irsin qorunması sahəsində aktual problemlər və yanlış yanaşmalar barədə ətraflı danışıb.
Məruzəçi qeyd edib ki, Azərbaycanda bu sahədə nəzəri biliklərlə praktik tətbiqlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Onun sözlərinə görə, Venesiya Xartiyası prinsiplərinə baxmayaraq, bir çox hallarda abidələrin yalnız fiziki qorunmasına diqqət yetirilir, onların sosial-mədəni mühiti, arxeoloji qatları və vizual konteksti isə nəzərə alınmır. Çıxış çərçivəsində “doğru bilinən yanlışlar”a xüsusi diqqət ayrılıb. Bildirilib ki, arxeoloji irs yalnız ayrı-ayrı abidələrdən ibarət deyil, bəşəriyyətin keçmişindən qalan bütün maddi izləri əhatə edir. Həmçinin bu irsin yalnız yeraltı və ya sualtı obyektlərlə məhdudlaşdığı fikri də yanlış kimi qiymətləndirilib.
Fariz Xəlili vurğulayıb ki, arxeoloji irsin öyrənilməsi yalnız qazıntılarla məhdudlaşmır və bu üsul bəzən ən dağıdıcı metod hesab olunur. Müasir yanaşmalar çərçivəsində müxtəlif elmi metodlardan istifadə edilməsinin vacibliyi qeyd olunub.
Çıxış zamanı həmçinin bildirilib ki, bərpa və inkişaf layihələrinin icrası zamanı arxeoloji tədqiqatların aparılması və mütəxəssis rəyinin alınması zəruridir. Əks halda, mədəni irs nümunələrinin məhv edilməsi riski artır.
Sonda arxeoloji irsin qorunması ilə bağlı qanunvericilik məsələlərinə toxunulub, beynəlxalq sənədlərlə yerli hüquqi aktlar arasındakı fərqlər diqqətə çatdırılıb.
Ədilə Hüseynzadə