00:00:00
Yazar
Admin User
24.12.2025 11:57 121 4 dəq oxuma
Mədəniyyət

BDU-da “Tələbə Həmkarların I Həmrəylik Forumu” keçirildi

BDU-da “Tələbə Həmkarların I Həmrəylik Forumu” keçirildi

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Tələbə Həmkarların I Həmrəylik Forumu” keçirildi. İlk dəfə təşkil olunan Forum 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Azərbaycanın tarixi Zəfərinin beş illiyinə həsr olundu.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Forumda Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Milli Məclisin üzvləri Aydın Hüseynov və Sevinc Fətəliyeva, Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova, eləcə də Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə çıxış etdilər.

 

Çıxış edənlər gənclərin hər bir xalqın gələcəyinin təminatçısı olduğunu, müasir və qalib Azərbaycanın inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğuladılar. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və inkişaf etdirilir. Azərbaycanın tarixi Zəfərinin qazanılmasında, ölkənin bütün sahələrdə sürətli inkişafında, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində gənclərin fəal iştirakı xüsusi qeyd olundu.

 

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxışında bildirdi ki, gənclər cəmiyyətin dinamik və aparıcı qüvvəsidir. Onun sözlərinə görə, BDU ailəsinin üzvləri olan tələbə və məzunlar ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Prorektor vurğuladı ki, bu fəaliyyətin təşkilatlanan şəkildə aparılması məqsədilə Universitet tərəfindən mühüm institusional addımlar atılıb və 2020-ci ildə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. Qeyd olunub ki, yarım əsrdən artıqdır fəaliyyət göstərən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi bu prosesin fəal iştirakçılarından biridir.

 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışında gənclərin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayaraq Forumun bu baxımdan mühüm platforma olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan gəncləri müxtəlif platformalarda ölkənin milli maraqlarını müdafiə etməyi, ortaq məqsədlər ətrafında birləşməyi bacarmalıdırlar və bu istiqamətdə BDU THİK-in fəaliyyəti yüksək qiymətləndirilməlidir.

 

Milli Məclisin üzvləri Aydın Hüseynov və Sevinc Fətəliyeva çıxışlarında həmrəylik faktorunun yeni reallıqlar dövründə ölkəmizin qazandığı uğurlarda mühüm rol oynadığını vurğulayıb, ilk dəfə keçirilən Tələbə Həmkarların I Həmrəylik Forumunun işinə uğurlar arzuladılar.

 

Daha sonra Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

 

Forum çərçivəsində BDU THİK-in sədri Zöhrab Cavadzadə slaydlar əsasında geniş təqdimatla çıxış edərək Komitə tərəfindən 2024–2025-ci illər ərzində görülən işlər, həyata keçirilən layihələr və gələcək planlar barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi tələbə-həmkarlar təşkilatlarının fəaliyyətində yeni mərhələnin başlanğıcıdır və bu istiqamətdə həyata keçiriləcək layihələr xüsusi əhəmiyyət daşıyır. Zöhrab Cavadzadə Forumun ali təhsil müəssisələri arasında şəbəkələşmə və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynadığını da diqqətə çatdırdı.

 

Tədbir çərçivəsində Tələbə Məkanının açılışı ilə bağlı məlumat verildi. Bildirildi ki, bu məkan gənclərin sosial, mədəni və intellektual inkişafına töhfə verəcək, onların asudə vaxtlarının səmərəli təşkili və təşəbbüslərinin dəstəklənməsi üçün yeni imkanlar yaradacaq.

 

Forumda Bakı Dövlət Universiteti ilə yanaşı, digər ali təhsil müəssisələrindən olan nümayəndələr və tələbələr də iştirak etdilər. Tədbirin tələbə-həmkarlar hərəkatının inkişafına, tələbələrin sosial rifahının qorunmasına, ali təhsil müəssisələri arasında həmrəylik və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulandı.

 

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirildi. BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı proqram çərçivəsində Zərifə Məmmədovanın bədii rəhbərliyi ilə qızlardan ibarət qrup tərəfindən “Uzundərə” rəqsi nümayiş etdirildi. Ardınca Pərviz Ağayevin ifasında popuri səsləndirildi.

 

Tədbirin sonunda Zərifə Məmmədova və Yusif Məmmədovun bədii rəhbərliyi ilə qızlar və oğlanlardan ibarət qrupun ifasında “Yallı” rəqsi təqdim olundu. Proqramı iştirakçılar böyük maraq və alqışlarla qarşıladılar.

 

Qeyd edək ki, “Tələbə Həmkarların I Həmrəylik Forumu” öz işini “Böyük qayıdışda gənclərin rolu: THİK-lərin təşkilatlanması və həmrəylik modeli” mövzusunda panel sessiya ilə davam etdirəcək.

 

Aişə Mustafeyava 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər