00:00:00
Yazar
Nigar Həsənzadə
14.02.2026 03:55 82 3 dəq oxuma
Media

BDU tələbələri üçün AzTV-də infosessiya keçirildi

BDU tələbələri üçün AzTV-də infosessiya keçirildi

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsinin tələbələri üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-də infosessiya keçirildi.

 

Biz  bu maraqlı, əyləncəli infoturda iştirak edə bildiyimiz üçün çox şanslıyıq. Biz bu mediaturdan sonra daha yaxşı anladıq və hiss etdik ki, televiziyanı izləmək bir hissdir, amma onun içində olmaq tamam başqa duyğudur. Bizim üçün bu səfər sadəcə ekskursiya deyil, gələcək peşəmizin sirlərinə bələd olmaq üçün böyük bir fürsət idi. Təşkilatçıların iştirakçıları seçərkən bizlərə - praktik cəhətdən özünü inkişaf etdirmək üçün bu sahədə addım atan gənclərə üstünlük verməsi də bunu göstərir ki, bu infoturun məqsədi həqiqətən də gənclərə öz peşələrinə bir daha vurğun olmaq şansı yaratmaq idi.

 

Səfər çərçivəsində əvvəlcə AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Nəsibova Akademiyanın fəaliyyət istiqamətləri barədə məlumat verdi. Daha sonra Xəbərlər studiyasının direktor müavini Ramilə İsayeva bizlərə xəbərlərin, müxtəlif verilişlərin efirə hazırlanması, təqdimatı və televiziyada iş prinsiplərini əyani şəkildə göstərdi və izah etdi.

 

Studiyalardan isə ilk olaraq xəbər studiyası ilə tanış olduq. Aparıcının qarşısındakı monitorların necə idarə olunduğunu, rejissor otağında prosesin necə koordinasiya olunduğunu, kameraların necə hərəkət etdiyini yerində izlədik. Ekranda cəmi bir neçə dəqiqə görünən xəbərin arxasında necə böyük komanda işi və texniki dəqiqlik dayandığını yaxından görmək bizdə xüsusi təəssürat yaratdı. Bir də bizi cəlb edən çox maraqlı məqam oldu ki, başqa media məkanlarında infoturlarda olduğumuz zaman dəhlizlər, otaqlar daha sakit idi. Amma AzTV-də bir işlə sanki hamı maraqlanırdı, hamı bir-birinə kömək edirdi. Sistemli və peşəkar qrup işini bir neçə saat ərzində olsa da biz də hiss edə bildik.

 

Daha sonra AzTV-nin “Qızıl fond”unun rəqəmsallaşma mərkəzi ilə tanış olduq. Videokino materiallar şöbəsinin rəisi Fatma Rzaqulu qızı Türk burada bizə ətraflı məlumat verdi. Bildirildi ki, mərkəz Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yaradılıb və “Qızıl fond”a daxil olan materiallar üzərində rəqəmsallaşdırma, rəng korreksiyası və səs bərpası kimi proseslər həyata keçirilir. Həmin məkana daxil olmaq bizim üçün qürurverici idi. Videoteka ilə tanışlıq zamanı köhnə filmlərin bərpası prosesi haqqında da məlumat aldıq. Qeyd olundu ki, köhnə bir filmin cəmi 10 dəqiqəsinin bərpası üçün bəzən bir ay vaxt tələb olunur və bu işi respublikada çox az mütəxəssis bacarır. Bu fakt bizi ən çox təəccübləndirən məqamlardan biri oldu.

 

Ekskursiya çərçivəsində bir neçə studiya ilə də tanış olduq. "Telesəhər", "Hədəf", "Tarixin divanı" kimi studiyaların hər biri qapılarını öz gənc qonaqlarına böyük məmnuniyyətlə açdı.

 

İkinci hissədə televiziya aparıcısı, ssenari müəllifi və AzTV-nin keçmiş diktoru, hazırda “Telefilm” yaradıcılıq birliyində aparıcı-redaktor olan Sevda Ağazadə bizə nitq və aparıcılıq üzrə təlim keçdi. Təlim zamanı düzgün tələffüz, artikulyasiya və nəfəs texnikaları ilə bağlı əsas məqamlar izah olundu, praktik məşqlər tətbiq edildi.

 

Bizi şöbələrlə tanış etmək üçün təyin olunan televiziya əməkdaşlarının səmimiyyəti isə ayrıca qeyd olunmalıdır. Əməkdaşların hər biri gəncliyə böyük ümidlə bizi hər detalla tanış etdilər, suallarımızı cavablandırdılar və televiziya mühitini yaxından hiss etməyimiz üçün şərait yaratdılar. 

 

Biz studiyada dayanarkən bir gün həmin məkana peşəkar jurnalist, bəlkə də xəbər aparıcısı kimi qayıtmaq arzumuz daha da gücləndi. Məqsədimizi daha yaxşı müəyyən etdik. Mən kim olacağam? Mənim məqsədim nədir? Bu sahədə olmalıyam mı? Məqsədim üçün nələr etməliyəm? kimi sualların hər biri bir daha beyində canlandı və həmçinin cavablarını tapmaq üçün də bir addım irəlilədik.

 

İnfoturun təşkili üçün təşkilati heyətə bütün iştirakçılar adından minnətdarıq.

 

Gövhər Mehyəddinova, Ədilə Hüseynzadə,Nigar Həsənzadə

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər