00:00:00
Yazar
Admin User
18.09.2025 14:12 572 4 dəq oxuma
Media

BDU tələbəsi CNN Türk-də-REPORTAJ

BDU tələbəsi CNN Türk-də-REPORTAJ

Hər bir insanın həyatında onu dəyişdirən, istiqamətini müəyyənləşdirən və yaddaşına dərin iz buraxan məqamlar olur. Mənim üçün bu məqamlardan biri Türkiyədə keçdiyim jurnalistika təcrübəsi oldu. Bu, sadəcə bir peşə praktikası deyildi, bu həm də dünyagörüşümü genişləndirən, jurnalistikaya baxışımı yenidən formalaşdıran bir dərs idi.
Bu yola mərhum millət vəkili Qənirə Paşayevanın adını daşıyan xüsusi bir mükafatla qədəm qoydum. Azərbaycan Türk Ocağının təqdim etdiyi bu mükafat sayəsində Qənirə xanımın bacısı Kəmalə Paşayeva ilə tanış oldum və onun dəstəyi ilə İstanbulda jurnalist kimi ilk beynəlxalq təcrübəmi yaşamaq fürsətini qazandım. Beləliklə, məni təkcə karyera baxımından deyil, şəxsiyyət olaraq da böyüdən bir səfər başladı…
İstanbul öz böyüklüyü, zəngin tarixi və daim hərəkətdə olan ritmi ilə insanı həm heyran edir, həm də düşündürür. Şəhərin yaşıl parkları, müasir yolları və memarlıq abidələri insanı valeh etsə də, böyük şəhərlərə xas olan bəzi mənzərələr-məsələn, küçələrə atılmış qida qalıqları və avtomobil tıxacları gözə dəyir. Təbii ki, bu da insan sayının çox olması ilə bağlıdır. Buna baxmayaraq, şəhərin ümumi nizam-intizamı və infrastrukturu yüksək inkişaf göstəricisidir.
Təhlükəsizlik tədbirləri İstanbulda son dərəcə ciddi şəkildə həyata keçirilir. İcazəsiz hər hansı bir əraziyə daxil olmaq çətin, bəzən isə mümkün deyil. Bu isə bir tərəfdən insanı qorusa da, digər tərəfdən müəyyən narahatlıq hissi yaradır.
İstanbulda sosial mühitdəki rahatlıq, insanların azad davranışları və xüsusilə qadınların aktiv ictimai mövqeyi məndə xoş təəssürat buraxdı.

Türkiyə mətbəxi Azərbaycan yeməklərinə çox bənzədiyindən, uyğunlaşma prosesi mənim üçün rahat keçdi. Ən çox təsirləndiyim məqamlardan biri isə heyvanlara göstərilən diqqət və qayğı idi. Küçələrdə pişiklərə tez-tez rast gəlmək olurdu. Amma bəzən aqressiv itlərlə qarşılaşmaq az da olsa narahatlıq doğururdu.


Praktika müddətim CNN Türk-də həyata keçdi. CNN Türk Kanal D binasında yerləşir və Demirören Media qrupuna daxildir. Burada çalışan kollektivin peşəkarlığı dərhal hiss olunurdu. Televiziya binasına giriş ciddi təhlükəsizlik prosedurları ilə həyata keçirilirdi.
CNN Türk binanın 3-cü mərtəbəsində yerləşir. Burada hər gün səhər saatlarında həm fiziki, həm də onlayn formatda redaksiya iclasları keçirilir. Bina daxilində “Hürriyet” və “Milliyet” kimi tanınmış mətbu orqanlar da fəaliyyət göstərir. Qeyd edim ki, bu qəzetlərin əməkdaşları hələ də pandemiyadan sonra məsafəli işləmə sisteminə davam edirlər. Qəzetlərin rəngli çap olunması isə Azərbaycandakı vəziyyətlə müqayisədə diqqət çəkici idi. Bizdəki qəzetlərin ağ-qara dərc olunması oradakı həmkarlar üçün təəccüblü idi.


CNN Türk-də xəbər istehsalı tam olaraq komandada iş prinsipinə əsaslanır. Hər kəs yalnız öz məsuliyyət dairəsinə cavabdehdir, eləcə də öz sahəsində maksimum dəqiqliklə işləyir.
Binanın birinci mərtəbəsində yerləşən yeməkxanada işçilərə hər gün təzə yeməklər təqdim olunur. Əməkdaşlar üçün servis xidməti də mövcud idi.
CNN Türk-də xəbərlər canlı yayım formatında təqdim olunur. Bu, son dərəcə yüksək koordinasiya və hazırlıq tələb edir. Rejissor otağında yayımlar diqqətlə idarə olunur. Mən də bir neçə vacib hadisənin xəbərə çevrilməsi prosesini yaxından müşahidə etdim. 16 yaşlı gəncin polisə hücumu, Gürsel Tekinin partiya binasına daxil olması, Prezident Ərdoğanın çıxışı və İsrailin Dohaya hücumu xəbərlərinin hazırlanması prosesində iştirak etmək mənə peşəkar təcrübə baxımından çox şey öyrətdi.
Diqqətimi çəkən başqa bir detal da türkcəyə olan bağlılıq idi. Praktika dövründə tanınmış simalarla da tanışlıq imkanı qazandım. Onlardan biri Fulya Öztürk idi. Ondan müsahibə almaq fürsətim oldu. Söhbətimiz mənim üçün dəyərli motivasiyaya çevrildi.


Ahmet Akpolat adlı bir fotojurnalistlə tanış oldum. O, Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlmişdi və Gəncə terrorunu necə çəkdiyini, həmin görüntüləri beynəlxalq mediaya necə çatdırdıqlarını mənimlə paylaşdı. Onun dedikləri bu sahənin nə qədər riskli və məsuliyyətli olduğunu bir daha xatırlatdı.
Unudulmaz görüşlərimdən biri də Orhan Hoca ilə oldu. Meteorologiya üzrə mütəxəssis olan və bir müddət NASA-da çalışan Orhan bəy, maraqlı və zəngin təcrübəsi ilə seçilirdi. Əvvəlcə nömrəsini alıb Bakıya dönəndən sonra müsahibə götürməyi planlaşdırırdım. Amma düşündüm ki, bu şansı qaçırmaq olmaz. Canlı müsahibənin yerini heç nə verə bilməz. Onunla söhbətə başladım və suallarımı ard-arda ünvanladım. Müsahibənin ortasında Ahmet Akpolat gülərək “Hocam, sizi de mi köşeye sıkışdırıb repotaj yapıyor?” deyəndə Orhan Hoca anladı ki, onunla müsahibə edirəm. Əlbəttə, sonda razılığını alacaqdım. Amma o, məni “araşdırmaçı ruhlu, gələcəyin peşəkar jurnalisti” adlandırdı. Daha sonra isə “CNN Azərbaycan açılsa, rəhbəri bu qız olacaq” dedi. Bu sözlər mənim üçün qürurverici idi.


Bu təcrübə mənə yalnız televiziya işini deyil, həm də peşəkarlığın, komanda ruhunun və məsuliyyətin nə demək olduğunu öyrətdi. Qazandığım biliklər, keçdiyim yol və tanış olduğum peşəkar insanlar həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. CNN Türk rəhbərliyindən aldığım referans məktubu isə bu yolda mənim üçün önəmli bir dəstəyə çevrildi.


Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər