BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu
Bakı Dövlət Universiteti dünyanın nüfuzlu ali təhsil müəssisələrinin ekoloji davamlılıq göstəricilərini qiymətləndirən “UI GreenMetric World University Ranking 2025” nəticələrinə əsasən Cənubi Qafqaz üzrə lider mövqeyinə yüksəlib.
Universitet bu il reytinqdə ciddi irəliləyiş əldə edərək, 105 ölkənin 1745 universiteti arasında 493-cü yerə yüksəlib və əvvəlki illə müqayisədə 114 pillə irəliləyib. Reytinqdə yer alan Azərbaycanın 19 ali təhsil müəssisəsi arasında BDU ölkə üzrə də ən yüksək nəticəni göstərib.
“UI GreenMetric” reytinqinin məqsədi universitetlərin ekoloji problemlərin həllinə töhfəsini artırmaq, kampuslarda davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etməkdir. Qiymətləndirmə aşağıdakı əsas meyarlar üzrə aparılır: kampusların təbii mühitə təsiri və infrastruktur həlləri, enerji siyasəti və iqlim təsirinin azaldılması, kağız istifadəsinin optimallaşdırılması və rəqəmsallaşma, su resurslarının idarə edilməsi, nəqliyyatın ekoloji dayanıqlılığı, ekoloji mövzuların tədrisi, ekoloji tədqiqatlara dəstək və davamlılıq sahəsində elmi nəşrlərin sayı.
BDU-nun bu uğuru universitetdə həyata keçirilən ekoloji təşəbbüslərin, tələbə və akademik heyətin ətraf mühitə dair məsuliyyətinin və davamlı inkişaf istiqamətində ardıcıl fəaliyyətinin nəticəsidir. Bu nəticə BDU-nun beynəlxalq reytinqlərdə mövqeyini daha da möhkəmləndirir və ekoloji dayanıqlılıq istiqamətində öhdəliklərinin yerinə yetirilməsinə verilən önəmi nümayiş etdirir.
Universitet gələcəkdə də müasir ekoloji yanaşmaların tətbiqini genişləndirməyi, ətraf mühitin qorunması və davamlı inkişaf üzrə akademik və ictimai missiyasını daha da gücləndirməyi hədəfləyir.
