00:00:00
Yazar
Elmira Ağayeva
02.07.2026 20:55 35 2 dəq oxuma
Media

Beynəlxalq İdman Jurnalistləri Günü: Peşənin inkişafı və gələcək perspektivləri

Beynəlxalq İdman Jurnalistləri Günü: Peşənin inkişafı və gələcək perspektivləri

 

Hər il iyulun 2-si dünyada Beynəlxalq İdman Jurnalistləri Günü olunur. Bu gün idman hadisələrini işıqlandıran jurnalistlərin fəaliyyətinə diqqət çəkmək, peşənin əhəmiyyətini və qarşılaşdığı çağırışları müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu iş böyük əmək, çalışqanlıq, zəhmət və ən əsası, peşəyə qarşı sonsuz sevgi tələb edir:

 

 


"Azərbaycanda idman jurnalistikası normal vəziyyətdədir. Daha populyar olduğu və geniş kütləyə xitab etdiyi üçün bizdə futbol jurnalistikası digər sahələrə nisbətən daha çox inkişaf edib. Bu səbəbdən futbol jurnalistikasını ümumi idman jurnalistikamızın birmənalı lideri hesab etmək olar. Ümumilikdə isə idman jurnalistikası çox maraqlı olduğu qədər, həm də kifayət qədər çətin bir sahədir. Digər sahələrdən fərqli olaraq, idmanda proses heç vaxt dayanmır, həftənin 7 günü, 24 saat fasiləsiz davam edir. Uğurlu bir idman jurnalisti demək olar ki, hər an işləməyə hazır olmalıdır. Çünki idman tədbirləri əsasən həftə sonları və axşam saatlarında baş tutur. Məsələn, hazırda Şimali Amerikada keçirilən futbol üzrə dünya çempionatını götürək, oyunlar axşam saat 8-dən səhərə qədər davam edir, ondan sonra isə artıq yeni iş günü başlayır. Deməli, bu peşədə uğur qazanmaq istəyən şəxs davamlı və fasiləsiz gərgin iş rejiminə uyğunlaşmalıdır. Bu iş böyük əmək, çalışqanlıq, zəhmət və ən əsası, peşəyə qarşı sonsuz sevgi tələb edir. Daxildə bu sevgi və istək yoxdursa, sahədə qalmaq qeyri-mümkündür. Əlbəttə, idman jurnalistikasının çox gözəl və üstün tərəfləri də var. Məsələn, hamının kumir kimi baxdığı, ulduz hesab etdiyi idmançılara daha yaxın olmaq, onlardan müsahibə götürmək, ünsiyyət qurmaq imkanı qazanırlar. Böyük idman yarışlarını yerindəcə, yaxından və ödənişsiz izləmək, həmin tədbirləri işıqlandırmaq, həmçinin müxtəlif turnirlər çərçivəsində xarici səfərlərə çıxmaq şansı olur. Jurnalistlərdən böyük əmək tələb edən çətin bir peşə olmasına baxmayaraq, gənc jurnalistlər bu sahənin çox maraqlı olduğunu bilməlidirlər. Əgər gənclər bu yazını oxuyurlarsa, onlara demək istəyirəm ki, idman jurnalistikasına gələn şəxslər fasiləsiz çalışmağa, böyük zəhmət və çalışqanlıq nümayiş etdirməyə mütləq hazır olmalıdırlar. Lakin bunun qarşılığında onları çox maraqlı bir fəaliyyət gözləyir. Burada heç bir gün digərinə bənzəmir, hər gün yeni hadisələr baş verir, izləməkdən zövq aldığımız dinamik proseslər yaşanır. Bu peşənin içində olmaq, idman jurnalisti adını daşımaq həqiqətən böyük bir zövq və fərqlilikdir. Odur ki, idman jurnalisti olmağa mütləq dəyər".

 

Samirə Allahverdizadə

#Media #idmanjurnalistləri #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər