Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi genişləndirilməsi müzakirə olunub
Bakı və Moskva Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin buraxılış qabiliyyətinin artırılması imkanlarını müzakirə edib. Azərbaycan və Rusiya nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi çərçivəsində dəhlizin imkanlarının artırılması məsələsinə baxıblar.
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, layihənin genişləndirilməsi tranzit gəlirlərinə müsbət təsir göstərə bilər:
"Dəhlizin buraxılış qabiliyyətinin artması Azərbaycanın tranzit gəlirlərini yüksəldə bilər. Xüsusilə indiki qlobal qeyri-sabitlik şəraitində Azərbaycan daha təhlükəsiz və sabit marşrut kimi ön plana çıxır. Bu isə əlavə yük axını deməkdir. Yerli şirkətlər üçün ciddi dönüş gözlənilmir. Yerli şirkətlərin artıq formalaşmış dövriyyəsi var. Dəhlizin genişləndirilməsi onların gəlirlərində kəskin artım yaradacaq amil deyil. Daha çox dövlət səviyyəsində tranzit rüsumları və logistika xidmətləri üzrə ümumi gəlirlər arta bilər. Layihə ölkələr arasında ticarətə müəyyən təsir göstərə bilər, lakin mövcud siyasi reallıq nəzərə alınmalıdır. Rusiya ilə tranzit əməkdaşlıq davam edir. Ancaq hazırkı siyasi gərginlik fonunda ikitərəfli ticarət dövriyyəsində ciddi artım gözləmək çətindir. Daha real ssenari ondan ibarətdir ki, tərəflər bir-birinin ərazisindən tranzit imkan kimi istifadə etsinlər. Dəhliz daha çox geoiqtisadi layihədir və onun effektivliyi uzunmüddətli sabitlikdən asılı olacaq”.
Ayşə Müzəfərli