00:00:00
Yazar
Ayan Sadi
21.10.2026 22:21 42 4 dəq oxuma
Maraqlı

Beynimizin bizə oynadığı qəribə oyunlar

Beynimizin bizə oynadığı qəribə oyunlar

İnsan beyni bəzən yaşanmamış hadisəni xatirə kimi qəbul edə, real təhlükə olmadığı halda qorxu hissi yarada və yuxuları gələcək hadisələrlə əlaqələndirə bilər. Psixoloq Səbinə Ağayeva deyir ki, yaddaş, emosiyalar, keçmiş təcrübələr və sosial mühit insanın düşüncələrinə, davranışlarına və qərarlarına təsir göstərir.

 

“İnsan beyni yaşanmamış hadisəni belə xatirə kimi qəbul edə, hətta həqiqətən baş vermiş hadisənin təfərrüatlarını dəyişdirə bilər. Yalançı xatirələrin yaranmasında insanın keçmiş təcrübələri, emosional vəziyyəti və ətrafındakı şəxslərin danışdıqları mühüm rol oynayır. Bəzən bir hadisəni dəfələrlə eşidən insan həmin vəziyyəti zehnində o qədər aydın canlandırır ki, zaman keçdikcə onun özünün baş verdiyinə inanmağa başlayır”.

 

Psixoloqun sözlərinə görə, insan həyatından narazı olduqda arzuladığı həyatın ssenarisini də zehnində qura bilər. Bu xəyali dünya müəyyən mənada rahatlıq və təhlükəsizlik hissi yaratsa da, xəyal ilə reallıq arasındakı fərqi ayırd etmək çətinləşdikdə gündəlik həyata təsir göstərə bilər.

 

Səbinə Ağayeva bildirir ki, insan təhlükənin olmadığını məntiqlə dərk etsə belə, beyin və bədən bəzən real təhlükə varmış kimi reaksiya verə bilər.

 

“Beynin təhlükəni qiymətləndirən sistemi ilə məntiqi düşünmə sistemi həmişə eyni sürətlə işləmir. Qorxu reaksiyasında amiqdala və hipotalamus kimi beyin strukturları, eləcə də avtonom sinir sistemi mühüm rol oynayır. Buna görə də insan real təhlükə ilə qarşılaşmasa belə, müəyyən vəziyyətlərdə qorxu və təşviş hiss edə bilər”.

 

Psixoloq qeyd edir ki, keçmişdə yaşanmış hadisələr və həmin hadisələrlə bağlı emosiyalar sonradan da özünü göstərə bilər. İnsan hadisənin təfərrüatlarını unutsa belə, onun yaratdığı qorxu hissi müəyyən məkan və ya vəziyyətlə qarşılaşdıqda yenidən üzə çıxa bilər. Bu zaman ürək döyüntüsünün sürətlənməsi, nəfəsalmanın dəyişməsi və təşviş kimi reaksiyalar yarana bilər.

 

Yuxuların gələcəklə əlaqəsinə toxunan Səbinə Ağayeva bildirir ki, məşhur nevroloq Ziqmund Freyd yuxuları şüuraltı istəklərlə əlaqələndirirdi. Müasir psixologiyada isə yuxular əsasən yaddaşın emalı, emosiyaların tənzimlənməsi və gündəlik təcrübələrin işlənməsi ilə əlaqələndirilir.

 

“Beyin yuxu zamanı gün ərzində qəbul edilən məlumatları emal edə, onları bir-biri ilə əlaqələndirə və müxtəlif ssenarilər yarada bilər. Bəzi yuxuların sonradan baş verən hadisələrlə üst-üstə düşməsi isə onların gələcəyi əvvəlcədən xəbər verdiyini sübut etmir”.

 

Psixoloqun sözlərinə görə, bu məsələdə özünügerçəkləşdirən proqnoz anlayışı da əhəmiyyətlidir. İnsan yuxusunun yozumunda müəyyən hadisənin baş verəcəyini oxuduqda buna inanaraq davranışlarını dəyişə və fərqinə varmadan həmin hadisənin gerçəkləşməsinə şərait yarada bilər. Bundan başqa, insanlar gerçəkləşən yuxuları daha çox xatırlayır, gerçəkləşməyənləri isə zamanla unuda bilirlər.

 

Səbinə Ağayeva insanın tanıdığı şəxsin üzünü xatırladığı halda adını yada sala bilməməsinin də yaddaşın işləmə xüsusiyyətləri ilə bağlı olduğunu deyir.

 

“Üz və ad yaddaşda fərqli məlumatlar kimi emal olunur. Buna görə də insanın şəxsin görünüşünü xatırlaması, amma adını yada sala bilməməsi mümkündür. Yorğunluq, stress, diqqətin yayınması və sinir sisteminin həddindən artıq yüklənməsi də məlumatları xatırlamağı çətinləşdirə bilər. Bəzən adı xatırlamağa çalışarkən özümüzə təzyiq göstərmək prosesi daha da çətinləşdirir. Diqqəti başqa istiqamətə yönəltdikdən sonra isə axtarılan ad qəfil yada düşə bilər”.

 

Psixoloq bildirib ki, insanların məlumatları yadda saxlama üsulları da fərqlənir. Bəzi şəxslər üzləri və görüntüləri, digərləri isə səsləri və eşitdikləri məlumatları daha yaxşı xatırlayırlar.

 

İnsan beyninin qərarvermə prosesinə təsirindən danışan Səbinə Ağayeva qeyd edir ki, beyin əvvəlki təcrübələrdən, emosiyalardan, gözləntilərdən və zehni qısa yollardan istifadə edir. Bu mexanizmlər məlumatların daha sürətli emalına kömək etsə də, bəzi hallarda yanlış nəticələrə səbəb ola bilər.

 

“İnsan bəzən öz hisslərini fakt kimi qəbul edir. Məsələn, müəyyən işdə uğur qazanacağına inanan şəxsin bu düşüncəsi onun davranışlarına müsbət təsir göstərə bilər. Əksinə, uğursuz olacağını düşünən insan qorxusuna görə fürsətlərdən qaça və ya yanlış seçimlər edə bilər. Lakin bu, insanın düşüncələrinin gələcəyi mütləq müəyyən etdiyi anlamına gəlmir”.

 

Səbinə Ağayeva sosial mühitin də insanın qərarlarına təsir göstərdiyini vurğulayır. Onun sözlərinə görə, insan bəzən ətrafındakıların eyni fikirdə olduğunu gördükdə özü fərqli düşünsə belə, çoxluğun mövqeyi ilə razılaşmağa meyil edir. Bu, cəmiyyətdə qəbul olunmaq istəyi və qrup təzyiqi ilə əlaqəlidir.

 

Psixoloqun fikrincə, insan öz qərarlarının arxasında dayanan emosional və sosial amilləri dərk etmədikdə yanlış seçim etsə belə, qərarının doğru olduğuna səmimi şəkildə inana bilər. Buna görə də qərar qəbul edərkən yalnız hisslərə deyil, faktlara və məntiqi təhlilə də əsaslanmaq vacibdir.

 

Səbinə Ağayeva hesab edir ki, yaddaşın, qorxu reaksiyasının, yuxuların və düşüncələrin işləmə mexanizmlərini anlamaq insana öz davranışlarını daha yaxşı dərk etməyə və qərarlarını daha şüurlu şəkildə verməyə kömək edə bilər.

 

Aynur Mikayılova

#gündəm #xəbər #azərbaycan #oyunlar #qəribə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər