00:00:00
Yazar
Admin User
07.02.2026 07:15 98 2 dəq oxuma
İqtisadiyyat

"Beynəlxalq ticarət gərginliyi yerli istehsala necə təsir edir?"

"Beynəlxalq ticarət gərginliyi yerli istehsala necə təsir edir?"

Qlobal bazarlarda gərginlik artdıqca ölkələr yerli istehsalı gücləndirməyə çalışır. Bu vəziyyət iqtisadiyyatda və istehlakçı üçün müəyyən nəticələr yarada bilər.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, bu yanaşma istehsalda həm keyfiyyətin, həm də kəmiyyətin azalmasına səbəb olur:

 

"Beynəlxalq ticarət gərginliyi qlobal istehsala mənfi təsir göstərir. Çünki müasir istehsal prosesi müxtəlif ölkələrdən gətirilən avadanlıq, xammal və komponentlərdən asılıdır. İstehsal nə qədər mürəkkəbləşirsə, asılılıq bir o qədər artır. Beynəlxalq ticarət çətinləşdikdə həmin komponentlərin tədarükündə problemlər yaranır və istehsal zənciri pozulur".

 

Müsahib qeyd edib ki, belə şəraitdə ölkələr əsasən özünütəminetmə siyasətinə yönəlməyə çalışırlar:

 

"Bu yanaşma istehsalda həm keyfiyyətin, həm də kəmiyyətin azalmasına səbəb olur. Çünki hər bir ölkə bütün sahələrdə eyni dərəcədə güclü ola bilmir. Normal şəraitdə ölkələr üstün olduqları sahələr üzrə ixtisaslaşır və digər məhsulları ticarət yolu ilə əldə edir. Ticarət gərginliyi isə bu ixtisaslaşmanın qarşısını alır, nəticədə qlobal iqtisadi aktivlik zəifləyir. Xüsusilə, mürəkkəb və yüksək texnologiyaya əsaslanan sahələr bu prosesdən zərər görür. Elektronika, yüksək texnologiyalar, avtomobilqayırma və kimya sənayesinin mürəkkəb məhsulları xarici xammal və komponentlərdən ciddi şəkildə asılıdır. Ticarət məhdudiyyətləri bu sahələrdə istehsalı çətinləşdirir. Dövlətlərin dəstək imkanları proses fonunda məhdudlaşır".

 

İqtisadçı ekspert qeyd edib ki, iqtisadi aktivlik azaldıqca vergi daxilolmaları zəifləyir, subsidiya və digər dəstək mexanizmlərini maliyyələşdirmək çətinləşir:

 

"Nəticədə, dövlətlərin iqtisadiyyata müdaxilə imkanları daralır. Bütün bunlar istehlakçılara birbaşa təsir edir. Məhsul çeşidi azalır, qiymətlər yüksəlir və insanlar daha bahalı, lakin daha məhdud seçimlərlə üzləşirlər. Uzunmüddətli perspektivdə rəqabətin azalması, innovasiyaların zəifləməsi və istehsalın həm həcminin, həm də keyfiyyətinin aşağı düşməsi qlobal iqtisadiyyat üçün mənfi nəticələr yaradır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər