Bill Qeyts- Süni intellektin beynəlxalq səviyyədə tənzimlənməsi nüvə silahlarından daha çətin olacaq
Ölkələrin süni intellektin tənzimlənməsi ilə bağlı razılığa gəlməsi Soyuq müharibə dövründə nüvə silahlarına məhdudiyyətlərin tətbiqi üzrə razılaşmaların əldə edilməsindən daha çətin olacaq.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Saməddin Əsədov "İnformator.az"a açıqlamasında bildirib ki, süni intellekt agentləri qlobal internetə, hətta ayrı-ayrı təşkilatların korporativ, şəbəkə və iş mühitlərinə çıxış əldə edə bilirlər. Bu isə ciddi risklər yaradır:
"Süni intellekti idarə etmək üçün peşəkar və elmi biliklər tələb olunur. Nüvə silahları isə dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə nəzarətdə saxlanılır. Bu sahədə müvafiq beynəlxalq təşkilatlar və mexanizmlər mövcuddur".
Müsahib bildirib ki, süni intellekt texnologiyaları isə əsasən kommersiyaya yönəlmiş texnologiyalardır:
"Yəni onların tətbiqində əsas məqsədlərdən biri gəlir əldə etməkdir. Bu sahədə kifayət qədər tənzimləmənin olmaması müəyyən risklər yaradır. Bill Qeytsin təklifinin mahiyyəti də ondan ibarətdir ki, süni intellekt texnologiyaları ilə bağlı nüvə silahlarına bənzər şəkildə beynəlxalq birliklərin yaradılması və dövlət təşkilatlarının da iştirakı ilə tənzimləmə mexanizmlərinin formalaşdırılması təmin olunsun. Buna nəzarətsiz inkişaf da ciddi problemlər yaradır".
Ekspert vurğulayıb ki, hazırda müxtəlif süni intellekt texnologiyalarının müəllifləri vasitəsilə aparılan testlər zamanı təhlükəsizliyin tam təmin edilmədiyi hallar müşahidə olunur:
" Nəticədə süni intellekt agentləri qlobal internetə, hətta ayrı-ayrı təşkilatların korporativ, şəbəkə və iş mühitlərinə çıxış əldə edə bilirlər. Bu isə ciddi risklər yaradır. Belə sistemlər insan vasitəsilə qarşısının alınması çətin olan kiber təhdidlərə və kiberhücumlara səbəb ola bilər. Çünki onların hesablama və sistemlərdə boşluq və zəiflikləri aşkar etmə sürəti insan imkanlarından dəfələrlə yüksəkdir. Bu səbəbdən süni intellekt vasitəsilə yaradılan təhdidlərin qarşısının alınması məqsədilə kibertəhlükəsizlik həlləri və xidmətləri də inkişaf etdirilir. Məqsəd süni intellektin yaratdığı risklərə qarşı yenə süni intellekt texnologiyalarından istifadə etməklə mübarizə aparmaqdır".
Səmayə Səftərova