00:00:00
Yazar
Ayşən Səlimova
31.03.2026 22:53 37 3 dəq oxuma
Sosial

Bir deyil, bir neçə dil: Poliqlotlar necə düşünür?

Bir deyil, bir neçə dil: Poliqlotlar necə düşünür?

Poliqlot bir neçə dili yüksək səviyyədə bilən insana deyilir. Müasir dövrdə bir neçə dil bilmək artıq üstünlük yox, zərurətə çevrilib. Bəziləri bir dili belə çətinliklə öyrəndiyi halda, poliqlotlar qısa müddətdə bir neçə dili mənimsəyə bilirlər. Onların istifadə etdiyi üsullar, öyrənmə strategiyaları və yanaşma tərzi isə bir çox insan üçün maraq doğurur.

 

Mövzu ilə bağlı Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, prof. Bənövşə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, nevroloji tədqiqatlar poliqlotların beynində dil emalı şəbəkəsinin daha effektiv işlədiyini göstərir:

 

“Dünyada bir neçə dili yüksək səviyyədə bilən insanlara poliqlotlar deyilir. Onların müxtəlif dillərə marağı, öyrənmə üsulları və metodları digər insanlardan fərqlənir. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, effektiv dil öyrənmə yalnız qrammatika və söz əzbərləməkdən ibarət deyil. Uğur kommunikativ təcrübə, davamlılıq və düzgün strategiya ilə sıx bağlıdır. Nevroloji tədqiqatlar göstərir ki, poliqlotların beynində dil emalı daha səmərəli baş verir. Çoxdilli şəxslərdə dil bölgələri fəaliyyət zamanı daha az enerji sərf edir. Bu fərqin uzunmüddətli və davamlı çoxdilli təcrübə nəticəsində formalaşdığı hesab olunur. Dil bacarıqları dörd əsas sahədə inkişaf etdirilməlidir: danışıq, yazı, dinləmə və oxuma. Bu yanaşma “kommunikativ metod” kimi tanınır və dilin real həyat şəraitində istifadəsini əsas götürür. Multimodal yanaşma - filmlər və seriallar izləmək, podkastlara qulaq asmaq, kitab oxumaq və yazı praktikası söz bazasını möhkəmləndirir, qrammatik strukturu daha aydın anlamağa kömək edir. Aralıqlarla təkrar üsulu uzunmüddətli yaddaşı gücləndirir və sözlərin unudulmasının qarşısını alır. Özünü qiymətləndirmə və test üsulları isə öyrənmə prosesini sürətləndirir. Poliqlot təcrübəsi göstərir ki, passiv öyrənmə, yəni yalnız nəzəri bilik toplamaq effektiv deyil”.

 

Həmçinin professor vurğulayıb ki, müasir texnologiyalar dil öyrənməni fərdiləşdirməyə imkan verir:

 

“Məsələn, Duolingo, Memrise, Busuu kimi tətbiqlər öyrənənin güclü və zəif tərəflərini analiz edərək məşqləri uyğunlaşdırır. Adaptiv öyrənmə sistemlərinin öyrənmə sürətini 30-50% artırdığı qeyd olunur. Söz və ifadələri siyahıdan əzbərləmək əvəzinə real kontekstdə öyrənmək daha effektivdir: film dialoqları, xəbərlər, sosial media yazıları və real söhbətlər bu baxımdan faydalıdır. Sosial mühitdə dil praktikası yaddaşı möhkəmləndirir və motivasiyanı artırır. Bir neçə dili eyni anda öyrənmək mümkündür, lakin düzgün metod tələb edir. Xüsusilə oxşar dillər qarışa bilər. Bu halda hər dil üçün ayrıca vaxt və material ayrılması tövsiyə olunur. Ardıcıllıqla öyrənmə, yəni bir dili yetərincə mənimsədikdən sonra digərinə keçmək beynin yükünü azaldır. Araşdırmalar göstərir ki, dil öyrənənlərin ən çox etdiyi səhvlər bunlardır: danışmaqdan çəkinmək, söz və qrammatikanı praktikadan kənar öyrənmək, oxşar dilləri qarışdırmaq, dinləmə və tələffüzə yetərincə diqqət ayırmamaq, motivasiya itkisi və səbrsizlik. Elmi araşdırmalar və poliqlotların təcrübəsi göstərir ki, dil öyrənmək davamlılıq, praktik təcrübə və motivasiya tələb edir. Ən effektiv metodlar kommunikativ yanaşma, multimodal öyrənmə, aralıqlarla təkrar və özünü qiymətləndirmədir. Poliqlotların uğur sirri budur: öyrənilən dil aktiv istifadə olunur, daim təkrar edilir və müxtəlif yollarla beynə inteqrasiya edilir”.

 

Samirə Allahverdizadə

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər