WUF13-ün Azərbaycanda keçirilməsi - dünyanın diqqəti Bakıdadır
Azərbaycan ilk dəfə olaraq World Urban Forum kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, bu gün dünyanın ən qlobal problemlərindən biri də urbanizasiya problemidir:
"Şəhər əhalisinin artması, şəhərlərə köçün sürətlə davam etməsi və bu dinamikanın yaxın 30 ildə dünya əhalisinin 70 faizindən çoxunun şəhərlərdə məskunlaşmasına gətirib çıxarması şəhərlərdə yeni problemlər yaradır. Bu tendensiya bütün dünyada mövcud olduğu üçün onun həlli yolları da qlobal xarakter daşıyır. Ona görə də, belə aktual beynəlxalq problemə həsr olunmuş tədbirin Bakıda keçirilməsi, şübhəsiz ki, bütün dünyanın diqqət mərkəzini yenidən Bakıya yönəldir. Beləliklə, WUF13-ün Bakıda, ölkəmizin yenidən uğurla böyük bir beynəlxalq tədbirə ev sahibliyi etdiyini göstərir. WUF13-də sadəcə qlobal problemlər, şəhər problemləri və urbanizasiya məsələləri müzakirə olunmayacaq, eyni zamanda onların həlli yolları da axtarılacaqdır. Nəticədə, urbanizasiya çoxşaxəli və kompleks həll yolları tələb edən bir problemdir. Ona görə də, müxtəlif ölkələrdən gələn nazirlər, urbanizasiya üzrə mütəxəssislər, şəhərsalma və memarlıq sahəsini dərindən bilən şəxslər, eləcə də yeni “smart” texnologiyaların şəhərsalma infrastrukturuna və idarəetməyə tətbiqi üzrə ixtisaslaşmış mütəxəssislər bu məsələləri geniş şəkildə müzakirə edəcəklər. Əlbəttə, bu da Bakının bir daha beynəlxalq diqqət mərkəzinə çevrilməsinə səbəb olacaqdır. WUF13-ün keçirilməsinin regional ölkələrlə əməkdaşlıq məsələsinə gəldikdə isə, şübhəsiz ki, hər bir regionun urbanizasiya sahəsində özünəməxsus problemləri mövcuddur. Bu isə regional əməkdaşlığı zəruri edir. Mən düşünürəm ki, bu problemlərin həlli yollarının birgə axtarılması daha səmərəli nəticələr verə bilər ki, bu da öz növbəsində regional əməkdaşlığı daha da gücləndirəcəkdir".
Deputatın sözlərinə görə, digər mühüm məsələ isə ondan ibarətdir ki, WUF13 çərçivəsində Azərbaycan ən müasir “smart” texnologiyalara və idarəetmə üsullarına əsaslanaraq işğaldan azad olunmuş ərazilərdə şəhərlərin necə bərpa olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıracaqdır:
"Burada şəhərlərimizin erməni vandalizmi nəticəsində necə dağıdıldığı da nümayiş etdiriləcəkdir. Bu gün Azərbaycan Böyük Qayıdış proqramını həyata keçirərkən ilk “ağıllı kənd” layihəsini Zəngilanın Ağalı kəndində reallaşdırdı və Azərbaycanın özünəməxsus milli “smart şəhər” və “smart kənd” konsepsiyası Qarabağda uğurla davam etdirilir. Biz bunu Cəbrayılın, Zəngilanın, Kəlbəcərin və Ağdamın yenidən qurulmasında aydın şəkildə müşahidə edirik. Düşünürəm ki, Azərbaycanın bu təcrübəsi beynəlxalq tədbir iştirakçıları böyük maraqla qarşılanacaqdır. Eyni zamanda, daha təkmil, daha müasir və ağıllı şəhərlərin qurulması istiqamətində qarşılıqlı təcrübə mübadiləsi aparılacaqdır".
Selcan Xudiyeva