“Bir foto, iki əfsanə”
Messi ilə Lamin Yamalın illər əvvəl başlayan maraqlı hekayəsi Dünya Kuboku finalında davam edəcək. Futbol tarixinin ən böyük oyunçularından biri hesab olunan “Lionel Messi” və Barselonanın sağ cinahında onun varisi kimi göstərilən “Lamin Yamal” bazar günü keçiriləcək Argentina-İspaniya dünya çempionatının finalında ilk dəfə rəqib olacaqlar.
Əslində isə bu, onların ilk görüşü deyil.
İlk dəfə onların yolları 2007-ci ildə kəsişib. Həmin vaxt 20 yaşlı Messi “Barselonanın” əsas heyətində yeni-yeni möhkəmlənirdi, Lamin Yamal isə cəmi beş aylıq körpə idi.

Bu anları fotoqraf Joan Monfort lentə alıb. Şəkillər iki il əvvəl, Lamin Yamalın İspaniya millisi ilə AVRO-2024-ün qalibi olmasından sonra yenidən gündəmə gəlib. Futbolçunun atası fotolardan birini sosial şəbəkədə paylaşaraq “İki əfsanənin başlanğıcı” qeydini yazıb.
Fotolarda Messi balaca Lamini qucağına alır və onu çimizdirir. Həmin körpənin illər sonra dünya futbolunun ən parlaq ulduzlarından birinə çevriləcəyini isə o zaman heç kim təsəvvür etmirdi.
“Bu, taleyin əsl möcüzəsidir. Əgər bunu film ssenarisi kimi yazsaydılar, inandırıcı görünməzdi”,- deyə fotoqraf Joan Monfort BBC Sport-a açıqlamasında bildirib.
Fotosessiya “Kamp Nou” stadionunda, “Barselonanın” və UNICEF-in birgə təşkil etdiyi sosial layihə çərçivəsində baş tutub. Lamin Yamalın ailəsi püşkatmada qalib gəldiyi üçün tədbirə dəvət olunub, təsadüf nəticəsində isə onların fotosessiyası Lionel Messi ilə təşkil edilib.
Monfortun sözlərinə görə, Messi əvvəlcə körpə ilə necə davranacağını bilməsə də, qısa zamanda vəziyyətə uyğunlaşıb və peşəkar şəkildə çəkilişdə iştirak edib.
39 yaşlı Messi karyerasının son illərini yaşayır. Bu həftə 19 yaşı tamam olan Lamin Yamal isə artıq “Barselona”, İspaniya millisi və dünya futbolunun əsas simalarından biri hesab olunur.
Lamin Yamal daha əvvəl verdiyi müsahibələrdə valideynlərinin onun futbolçu kimi yetişməsi üçün böyük çətinliklərə sinə gərdiyini vurğulayaraq bildirib:
“Əgər pulunuz yoxdursa, övladınızın futbol oynamasına şərait yaratmaq çox çətindir. Valideynlərim bunu mümkün etdilər. Onların mənim üçün etdiklərinin əvəzini heç vaxt ödəyə bilmərəm”.
İllər əvvəl eyni fotoda əks olunan Messi və Lamin Yamalın bu dəfə dünya çempionatının finalında rəqib kimi üz-üzə gəlməsi futbol tarixinin ən maraqlı təsadüflərindən biri kimi qiymətləndirilir.
Nuray Əliyeva