00:00:00
Yazar
Səadət Əlizadə
17.11.2026 20:56 17 3 dəq oxuma
Sosial

Bir foto ilə başlayan şantaj: Kiberzorakılığın hüquqi cəzası nədir?

Bir foto ilə başlayan şantaj: Kiberzorakılığın hüquqi cəzası nədir?

Bir foto, bir video və ya bir mesaj... Bəzən bunlar insanın həyatında ciddi problemlərə səbəb ola bilir. Xüsusilə süni intellekt vasitəsilə şəxsi görüntülərin montaj edilməsi, saxta materialların yayılması və həmin görüntülərlə şantaj halları gənclər arasında narahatlıq doğurur. Virtual mühitdə baş verən bu hadisələr artıq yalnız sosial problem deyil, həm də hüquqi məsuliyyət məsələsidir.

 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib ki, virtual mühit cəzasızlıq zonası deyil:

 

 

“Real həyatda cinayət sayılan əməl internetdə də cinayətdir. Təhqir və böhtan halları Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə tənzimlənir. Saxta adla, saxta profil və ya hesabla edilən təhqir isə ayrıca 148-1-ci maddə ilə daha ağır cəzalandırılır. Bu maddə üzrə maksimum cəza bir il azadlıqdan məhrum etmədir. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət hesab edilir. Bu əmələ görə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub”.

 

 

Turan Abdullazadə süni intellekt vasitəsilə hazırlanan saxta görüntülərlə bağlı məsuliyyətə də diqqət çəkib. Onun bildirdiyinə görə, şəxsin razılığı olmadan görüntüsündən və ya səsindən istifadə edərək reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və yayılması da qanunla cəzalandırılır:

 


“Cinayət məsuliyyəti ilə yanaşı, zərərçəkmiş şəxs mülki qaydada məhkəməyə müraciət edə, materialın silinməsini, təkzib verilməsini və mənəvi zərərin ödənilməsini tələb edə bilər. Konstitusiyanın 32-ci maddəsi hər kəsin şəxsi və ailə həyatının sirrini qoruyur. Şəxsi həyatın toxunulmazlığının pozulması və yazışma sirrinin yayılması cinayət məsuliyyəti yarada bilər. Materialların şantaj məqsədilə istifadəsi isə daha ağır cinayət hesab olunur”.

 


Hüquqşünas kiberzorakılığa məruz qalan yeniyetmələrə də tövsiyələrini verib. O bildirib ki, ilk növbədə valideynə, müəllimə və ya məktəb psixoloquna məlumat verilməlidir:

 


“Mesajlar, şərhlər və profil keçidləri silinməməli, ekran görüntüləri tarixlə birlikdə saxlanılmalıdır. Bu sübutlar hüquqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır”.

 

Bəs bu hadisələr gənclərin həyatına necə təsir edir?

 

Mövzu ilə bağlı danışan zərərçəkmiş Gülcan Salahova şəxsi görüntülərin icazəsiz istifadəsinin insanda ciddi psixoloji gərginlik yaratdığını bildirib:

 

 

“Belə bir hadisə ilə qarşılaşmaq insan üçün çox ağırdır. Öz şəklinin icazəsiz montaj edildiyini və şantaj vasitəsinə çevrildiyini bilmək insanda qorxu və narahatlıq yaradır. Ən çətini isə insanların saxta görüntülərə inanması ehtimalıdır. Belə vəziyyətdə insan özünü müdafiəsiz hiss edir. Düşünürəm ki, zərərçəkmiş şəxslər günahlandırılmamalı, əksinə, onlara dəstək göstərilməlidir”.

 

 

Zərər görən şəxs Murad Məmmədov isə süni intellekt texnologiyasından bu məqsədlə istifadə edilməsini yolverilməz hesab edir. Onun sözlərinə görə, texnologiya insanların həyatını asanlaşdırmaq üçün yaradılıb, kimisə qorxutmaq və ondan pul tələb etmək üçün deyil.

 

 


Zərərəçəkən tərəf Tahirə Həsənova da saxta görüntülərin həqiqi kimi qəbul edilməsinin gənclərdə qorxu və inamsızlıq yaratdığını bildirib. O, özünün susmadığını və belə hallarla qarşılaşan şəxslərində susmamalı, aidiyyəti qurumlara müraciət etməli olduğunu vurğulayıb.

 

 


Kiberzorakılıq virtual mühitdə baş versə də, onun nəticələri real həyatda hiss olunur. Bir insanın şəxsi görüntüsündən icazəsiz istifadə etmək, onu təhdid etmək və şantaj etmək sadəcə sosial şəbəkə mübahisəsi deyil. Unutmayaq ki, ekranın arxasında gizlənmək qanundan gizlənmək demək deyil.

 

 


Aysu Abbasova

#yeni #foto #azərbaycan #gündəm #cəzası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər