Milli dəyərlərin qorunması - Milli kimliyimizin əsası
Milli dəyərlər xalqın tarixini, mədəniyyətini və mənəvi dünyasını əks etdirir. Bu dəyərlər insanları birləşdirir və milli kimliyin formalaşmasında mühüm rol oynayır. Müasir dövrdə qloballaşmanın təsiri ilə milli dəyərlərin qorunması daha da аktual məsələ halına gəlib. Buna görə də hər bir cəmiyyət öz milli irsini qorumağa və gələcək nəsillərə ötürməyə çalışmalıdır.
Mövzu ilə bağlı tarixçi Qasım Hacıyev “İnformator.az”a açıqlamasında bildirib ki, hər bir xalqın milli dəyərləri onun bütün varlığını - həm maddi, həm mənəvi mədəniyyətini, tarixini, qazandığı nailiyyətləri və ənənələrini qoruyub saxlamağa borcludur:
“Təəssüflər olsun ki, son dövrlərdə qloballaşma ideyası və qloballaşma məsləki ortaya qoyulub. Çünki əgər Qərb ölkələri, xüsusilə də Avropa, öz mədəni irsini hamısından üstün tutaraq başqalarını aşağılayıb bunu qəbul etdirməyə çalışırsa, buna qloballaşma demək olmaz. Bu, qloballaşma pərdəsi altında Avropa mədəniyyətinin yayılmasıdır ki, bu da Şərq mədəniyyəti ilə çox da uyğunlaşmır. Şərqdə bir çox insanların Avropa mədəniyyətinə can atmasına və meyl göstərməsinə baxmayaraq, Şərq mədəniyyəti və ənənələri o qədər qədim və zəngindir ki, Avropa mədəniyyəti başqa sahələrdə bu dövlətləri və xalqları ötüb keçə bilsə də, milli mənəviyyat və insani dəyərlər baxımından Şərq ölkələrini keçə bilməz. Əgər yer üzündə dövlətin yaranması, şəhərlərin yaranması və cəmiyyətin inkişafında böyük rol oynayan elmin yaranması Şərqdə başlayıbsa, ilk orta əsrlərdən dövlət yaratmağa nail olan Avropa xalqları, hətta Rusiya kimi dövləti yalnız 20-ci əsrdən sonra yaranan xalqlar qədim və zəngin mədəniyyət baxımından Şərq mədəniyyətinə çata bilməzlər. Elm də, mədəniyyət də əvvəlcə Şərqdə yaranıb və inkişaf edib, sonradan isə Avropaya keçib. İndi müəyyən mənada Avropa strateji əhəmiyyətli silahlara, müdafiə vasitələrinə və təsir gücünə malik olduğuna görə, əgər Şərq ölkələrini, o cümlədən Cənubi Azərbaycanda və Rusiya ərazisində yaşayan türk xalqlarını qloballaşma adı altında öz milli mədəniyyətlərinə uyğunlaşdırmaq istəyirsə, bu yanlışdır. Ola bilər ki, onlar baxımından səhv olmasın, bu onların seçimidir. Amma Şərq xalqları bu yaxınlaşmada və prinsipial məsələlərdə onlara oxşamağa çalışarkən diqqətli olmalıdırlar”.
Tarixçi qeyd edib ki, milli-mənəvi dəyərlər özlüyündə çox qiymətli və dəyərli bir anlayışdır:
“Xalqın və millətin inkişafında milli-mənəvi dəyərlər çox böyük rol oynayır. Azərbaycan ərazisində qədim tanrıçılıq dövründə din müəyyən təsir göstərsə də, xalqın dinin daxilində və ondan kənarda yaratdığı milli dəyərlər var idi. Əvvəllər buna etnik dəyərlər də deyirdilər. Bu dəyərlər milli-mənəvi dəyərlərə çevrilərək qorunub saxlananda daha əhəmiyyətli olur. Sonradan xristianlıq yarananda insanlar xristianlıq ənənələrinə riayət etsələr də, milli-mənəvi dəyərlər yenə qorunub saxlanıb. Daha sonra Azərbaycan xalqı islam dinini qəbul edərək müsəlman olub. Amma əvvəlki dövrlərdə yaradılan mədəniyyət də ardıcıl şəkildə inkişaf etdirilib. Çünki bütün bu mədəniyyətlər eyni xalqın- indiki Azərbaycan xalqının ulu əcdadlarının yaratdığı mədəniyyət idi. Buna görə də həmin mədəniyyət islam dövründə də davam edib.
19-cu əsrdə işğallar, müharibələr, parçalanmalar və gərginliklər milli-mənəvi dəyərlərə mənfi təsir göstərsə də, 20-ci əsrin əvvəllərində milli oyanış, maarifçilik hərəkatı və xalqın savadlanmaya meyli yenidən güclənib. Eyni zamanda Avropanın nail olduğu kapitalizm sisteminin yaratdığı yeni dəyərlər də müəyyən qədər qəbul edilərək təsərrüfatda, həyatda və məişətdə, bütün bunlar əlaqəli şəkildə inkişaf etdirilib. Lakin sonradan Sovet hakimiyyətinin qurulması ilə qapalı bir rejim yaranıb. Buna sosializm düşərgəsi də deyirdilər. Bu düşərgə daxilində xalqlar “sovet xalqı” adı altında birləşdirilməyə çalışılıb. Hətta 15 respublikanın hamısında rus dilinin əsas dil olması istiqamətində cəhdlər göstərilirib”.
Qasım Hacıyev vurğulayıb ki, Dinə qarşı mübarizə adı altında xalqların milli-mənəvi dəyərləri məhv edilib:
“Bu 70 ildə xalqımızın qazandığı bəlkə də 10 faiz oldusa, itirdiyi 70-80, hətta 90 faiz olub. Buna görə də bu mənəvi dəyərləri yenidən qaytarmaq, xalqın inkişafında qədimdən kök salan mədəniyyətləri inkişaf etdirmək vacibdir. Qloballaşmanın təsiri altında xalqlarla və dövlətlərlə sivil münasibətlər qurmaq, qarşılıqlı hörmət əsasında üstün və faydalı mədəni dəyərləri qəbul etmək olar. Amma bunu öz milli mədəniyyətimizi unutmamaq şərti ilə etmək lazımdır. Əvvəlcə Avropa çalışmalıdır ki, Şərqin, o cümlədən türk dünyasının malik olduğu mənəvi və mədəni dəyərlərə uyğun dəyərlər yarada bilsin. O zaman həmin birlik və qloballaşma çərçivəsində əlaqələri genişləndirmək olar. Amma qədimdən kök salan, hər bir xalqın həyatında böyük rol oynayan milli-mənəvi dəyərləri məhv edib Qərbin öz ideologiyasını xalqlara və dövlətlərə qəbul etdirməyə çalışması qəbul edilən deyil. Mən bunları həmişə belə dərk etmişəm və belə düşünmüşəm. Bununla bağlı çoxlu misallarımız da var. Türkiyədə, İranda və başqa ölkələrdə keçirilən görüşlərdə və konfranslarda dafələrlə çıxış edərək bu dəyərlərin qorunmasının, hətta milli-mənəvi dəyərlərin dini dəyərlərə qurban verilməməsinin vacibliyini vurğulamışıq. Düşündüyümüz qədər bunu hamı başa düşsə və qəbul etsə, məncə, çox əhəmiyyətli olar”.
Cavahir Əsgərbəyli