Küçələri canlandıran sənət - Strit-art
Gündəlik həyatın sərt ritminə o qədər alışırıq ki, küçələrdəki sənət əsərlərinin gözəlliyini və arxasındakı mənaları görə bilmirik. Halbuki, sadəcə bir an dayanıb ətrafımıza diqqətlə baxmaq kifayətdir ki, küçə sənətinin nə qədər dərin və mənalı olduğunu hiss edək.
Bəs bu divarlarda gördüyümüz sənət əsərlərini yaradan kimlərdir? Bu sahənin çətinlikləri nədən ibarətdir? Ən əsası isə, hər gün bu divarların yanından keçən şəhər sakinləri bu barədə nə düşünür?
“İnformator.az” saytı olaraq insanların fikirlərini və strit-artçılığın çətinliklərini öyrəndik.
Saytımıza danışan gənc Fuad Nəsibov strit-artın şəhəri daha maraqlı etdiyini deyir:
“Strit-art şəhərə rəng qatır, küçələri adi beton divarlardan daha canlı və maraqlı edir. Mən gördükcə xoş oluram, həm də şəhərdə gəzmək daha maraqlı olur”.
Şəhər sakini Lalə Xanməmmədova maraqlı əsərlərin küçəni gözəlləşdirdiyini deyir:
“Hər bir rəsmdə xüsusi bir mesaj olur. Ən əsasıda bəzən əsərlər insanı düşündürür”.
Mövzu ilə bağlı strit-artçı Turan İbayeva öz təcrübələrini bizimlə bölüşdü. 2014-cü ildən bu sənətlə məşğul olan rəssam, küçə sənətinin görünməyən tərəflərindən danışıb suallarımızı cavablandırdı:
-Strit-artla nə vaxtdan məşğul olursunuz?
“2014-cü ildən başlayaraq bu janrda işləyirəm. Artıq on ildən çoxdur ki, şəhərin boz divarlarını öz kətanım kimi istifadə edirəm.Görürəm ki, küçələrə qoyulan hər bir rəsm insanların gündəlik həyatına rəng qatır, onlara ilham verir.
-Bu sahənin görünməyən çətin tərəfləri hansılardır?
“Küçədə strit-art yaratmaq zamanı ən böyük çətinliklərdən biri hava şəraitidir.Yağışlı günlərdə divarlara rəsm çəkmək çox çətindir. Bəzən müəyyən küçələrdə və ya binalarda rəsmlərin çəkilməsi üçün icazə alınması tələb olunur və bu icazə olmadan iş görmək mümkün deyil. Bu da işin məhdudlaşmasına səbəb olur”.
-Hər bir sənətkarın ilham aldığı birisi olur.Sizi ən çox ilhamlandıran kimdir və bunun xüsusi bir səbəbi varmı?
“Fabio Gomes Trindadedir. Onun fərqli və özünəməxsus üslubu mənə çox maraqlıdır. Əsərlərinə baxdıqda rənglərdən və detallardan peşəkar şəkildə istifadə etdiyini aydın görmək olur. Rəng və detalların vəhdəti mənə yeni ideyalar verir, işlərimi daha fərqli və maraqlı etməyə sövq edir”.
-“Əsərlərinizin qalereyada yox, məhz küçədə qalması sizin üçün nə ifadə edir?
“Əsərlərin qalereyada yox, divarlarda qalmasının böyük üstünlüyü ondadır ki, bu rəsmlər illərlə orada qala bilir, zamanla itib batmırlar. Divar üzərində çəkilən əsərlər şəhərin parçasına çevrilir. Beləcə, əsərlərim zamanla insanların yaddaşına və şəhərin tarixinə həkk olunur. Əsərlər daha çox insan tərəfindən görülür və qiymətləndirilir. Həmçinin, divarlarda qalmaq rəsmə canlılıq və davamlılıq verir”.
Zəri Bayramlı