"Bir manat pul deyil, çünki..." - Aydan Qasımova yazır
Əlindəki bir manata baxdı. Bu isti havada dondurma çox yaxşı olardı. Qızmar günəş altında gəzərkən dərhal yadına düşdü. Axı onun gediləcək kilometrlərlə yolu var idi və əgər dondurma alsa problem yaşayacaqdı.
Əlindəki bir manata və marketin önündəki, dondurmaların olduğu soyuducuya baxdı. "Bəlkə, gələn dəfə" dedi özünə təskinlik vermək üçün, amma "Bəlkəni əkiblər, bitməyib" deyiminin nə anlama gəldiyini də çox yaxşı bilirdi.
Həyatının ən gözəl illəri restoranlarda, kafelərdə, teatr və ya tamaşalarda keçməyəcəkdi. Sürdüyü ömrün yarısı əziyyətlə keçdiyi kimi bir müddət daha bu belə davam edəcəkdi..
"Oh!" deməklə keçsə, kaş ki.. "Oh!" deyərək bitsə bu zülmət. Görəsən, Tanrı insanların şiddətlə qaranlığa çevirdiyi dünyamızı aydınlıq edəcək?
Göz yaşlarını gizlətməyə çalışaraq yeridi, Günəşin göz yaşlarını ən qısa müddətdə qurutmasını dilədi. Ayaqları alov tuturdu. Qəlbindəki atəşlərlə dayanacağa doğru addımladı. Göz yaşları isti olsa belə yanaqlarını isladırdı, amma qəlbindəki tonqalı söndürmək bilmirdi...
Bu yazdıqlarım Azərbaycanda yaşayan insanların çoxunun gizli yaşamıdır. Həmişə "elit" görünmək üçün çabalayıb bütün pulunu geyimə xərcləyən insanların həyatı.. Hətta mən özüm belə dostlarım, qrup yoldaşım hər hansı bir yerə gedəndə, getmək istəyəndə, yəni məni gəzintiyə dəvət etdiklərində təkliflərini rədd edirəm. Çünki daim bir problem var. Bir sıxıntı ki, mənim kimi olanların yaşamasını, nəfəs almasını hər daim çətinləşdirir. Boğazı düyümlədir, gözləri səssizcə uzaqlara daldırır...
"Bir manatdır da! Nə böyüdürsən e?" deyənləri anlamağa çalışıram, anlayıram, amma heç haqq qazandırmasam da dediklərində məntiq payı olduğunu düşünürəm.
Bir manat bu qədərmi dəyərsizdir? Təbii ki, xeyr!
Bir manat bir tələbənin bir günlük gediş haqqıdır. Təbii ki, həmin tələbə yalnız avtobusdan istifadə edirsə. Mənim kimilər üçün ya həmin gediş-gəlişin yarısıdır ya da sadəcə bir hissəsi.
Bir manat, təxminən, bir çörək puludur, yaxud kiçik ölçülü çörəklərin ikisi.
Bir manat 28 mayda çiçək satan dayının bir çiçək satarkən aldığı pulun ya yarısıdır, ya da heç yarısı belə deyil.
Bir manat midye qiymətidir və tək bircəsinin.
Bir manat bir uşağın könlündən keçən bahalı dondurmanın yarısı belə deyil! Bir manat küçədə gördüyü pişiyə yem vermək istəyən gənclərin, yaşlıların almaq istədiyi kiçik ölçülü yemin qiymətidir!
Əgər hələ də bir manatın az pul olduğunu düşünürsənsə, çox haqlısan.
Bir manat pul deyil, çünki bir manat bir insana əsla yetmir.. Və qəbul edək ortalama bir ailə günlük 5 manat verə bilirsə, daha kasıb ailələrin heç buna da gücü yetmir.
Ola bilər, "Əgər böyüdə bilmirdilərsə onda niyə dünyaya gətirirdilər?" deyəsən. Lakin bu da bir reallıqdır ki, Azərbaycan gənclərinin yarısından çoxu əylənmir, gülmür, gülməkdən ölmür-qısacası yaşamır.
Story'lərdə paylaşılanlar isə təkcə fotolardan ibarətdir. Reallıqla üzləşmiş xalqımın özlərini az da olsa xoşbəxt və "elit" hiss etmələri üçün sərgilədikləri şou, göstərdikləri "5 ulduzluq" performans!
