Nəsillərin gizli mirası: Travmaların genetik yaddaş və davranışlarla ötürülməsi
İnsan psixologiyasının ən mürəkkəb tərəflərindən biri də keçmişin bu günə olan təsiridir. Bəzən yaşadığımız qorxu, təşviş və ya verdiyimiz qərarların kökündə yalnız öz təcrübələrimiz deyil, bizdən əvvəlki nəsillərin-babalarımızın, nənələrimizin yaşadığı ağır sarsıntılar dayanır. "Nəsillərarası travma" adlanan bu fenomen, fərdlərin davranış modellərindən tutmuş genetik yaddaşına qədər geniş bir sahəni əhatə edir.
Mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova "İnformator.az"a açıqlamasında bildirib ki, bu travmalar ağır psixoloji və sosial sarsıntılar nəticəsində yaranır:
"Nəsillərarası travma o deməkdir ki, hər hansı bir nəsildə, məsələn, müharibə dövründə ağır itkilər və ya şəhidlik faktı yaşanıbsa, bu, həmin ailədə itirmə qorxusu ilə böyüyən uşaqların psixologiyasında dərin izlər buraxır. Zorakılıq, təbiət hadisələri və qarşısıalınmaz sosial problemlər nəsillər arasında travmatik ötürülmələrə səbəb olur".
Psixoloqun sözlərinə görə, bu proses həm davranış modelində, həm də genetik yaddaşda özünü büruzə verir. Belə ki, bəzi hallarda babaların yaşadığı qorxu bugünkü uşaqlarda həyəcan pozuntusu və ya panik atak şəklində üzə çıxa bilər:
"Necə ki genetik xəstəliklər ötürülür, eləcə də valideynlərdə olan uzunmüddətli təşviş uşaqlara keçə bilər. Məsələn, ailədəki fiziki şiddət uşaq tərəfindən" davranış modeli" kimi mənimsənilir. Atasından gördüyü şiddəti norma kimi qəbul edən uşaq bunu gələcəkdə öz sosial mühitində tətbiq edir. Eyni zamanda, emosional soyuqluq da valideyndən övlada keçən ağır travmanın nəticəsidir".
Aynur İsmayılova qeyd edib ki, nəsillər arasındakı bu bağ həm də ailədaxili "aforizmlər" və yanlış inanclarla möhkəmlənir:
"Hər nəslin özünəməxsus deyimləri ola bilər. Məsələn, "biz heç vaxt varlı ola bilmərik" və ya "bizim tərəfdə belə pul qazanılmaz" kimi əsassız, yanlış düşüncələr genetik yaddaşda möhkəmlənərək zəncirvari şəkildə ötürülür. Bu, bir növ fərdin potensialını məhdudlaşdıran şüuraltı baryerə çevrilir".
Cəmiyyətimizdə rast gəlinən kollektiv travmalara toxunan mütəxəssis, "sürü psixologiyası" və ümumiləşdirmələrin təhlükəsini vurğulayıb:
"Bizdə ən çox" filan nəsil bu cürdür" deyə müəyyən adlar qoyulur. Bu, keçmiş travmaları xatırladan bir növ kollektiv şüuraltıdır. İnsanları ümumiləşdirmək həmin travmaların ötürülməsinə xidmət edir. Bu zənciri qırmaq üçün mütləq şəkildə peşəkar psixoloq yardımına ehtiyac duyulur. Valideynlər nə qədər maarifli olsalar, uşaqlar üçün bir o qədər aydın güzgü olacaqlar".
Yekun olaraq qeyd edək ki, nəsillərin bizə miras qoyduğu psixoloji yüklərdən qurtulmaq mümkündür. Sağlam gələcək naminə keçmişin travmaları ilə üzləşmək və maariflənmək sağlam psixologiyalı cəmiyyətin təməlidir.

Lalə Əhməd