00:00:00
Yazar
Admin User
23.10.2023 06:19 322 3 dəq oxuma
Sosial

Bir neçə ilə bankların sayı 23-dən də 15-ə düşə bilər

Bir neçə ilə bankların sayı 23-dən də 15-ə düşə bilər

Statistikalara görə son 10 ildə Azərbaycanda bank sayı 45-dən 23-ə düşüb. Bəs, bunun səbəbi? Azalmanın iqtisadiyyata nə kimi təsirləri var?

 

Bu barədə iqtisadçı Xalid Kərimli informator.az-a açıqlamasında bildirib ki, bir neçə ilə bankların sayı 23-dən 15-ə düşə bilər. Ekspert deyir ki, Azərbaycan müstəqillik qazanarkən iqtisadiyyatı yeni formalaşırdı və iqtisadiyyatda da neft sektoru ön plana çıxdı.

 

“Bir sıra insanlar varlanmağa başladı. Bir növ bankları özlərinin şəxsi kassası kimi işlədən, öz bizneslərini maliyyələşdirən qurum kimi işlədən şəxslər də var idi. Biz 2010-2020-ci illər arasında bankların bir çoxunun bağlanmasının şahidi olduq. Əslində, Muğam Bankı bağlayanda da gəzən şayələrdən biri ondan ibarət idi ki, Muğam bank cəlb etdiyi pulları riskli şəkildə öz bizneslərinin maliyyələşdirilməsi istiqamətində yönəldir. Bunu ən yaxşı Mərkəzi Bankın nəzarətçiləri bilir”.

 

Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı o qədər böyük deyil ki, 45 bank orda fəaliyyət göstərsin.

 

“Məsələ ondan ibarətdir ki, bir neft sektoru yarandı, 2015-ci ilə qədər Azərbaycan iqtisadiyyatı sürətlə böyüdü. Hətta o dövrlərdə Bakı-Ceyhan Neft boru kəməri işə düşəndən sonra Azərbaycanda illik iqtisadi artım 2 rəqəmli idi. Və 2015-ci ildən sonra iqtisadiyyatda enerji sektorunun aparıcı rolu qalsa da, iqtisadiyyat əvvəlki sürətlə böyümədi. Formalaşan banklar böyüdükcə iqtisadiyyat və maliyyə sektoru onlar üçün kiçik gəldi. Azərbaycan iqtisadiyyatı o qədər böyük deyil ki, 45 bank orda fəaliyyət göstərsin. 2015-ci ildən sonra xüsusən nəzərə alındı ki, banklarda ciddi nəzarətsizlik problemi var və banklar bu boşluqlardan istifadə edib cəmiyyətin maraqlarına ziyan vura biləcək dərəcədə resurslara malikdirlər. Nəzarət olunmasa ciddi təhlükəli nəticələrə gətirib çıxara bilərlər. Həmin dövrdən nəzarət tədbirləri artmağa başladı”.

 

İqtisadiyyatçı qeyd edir ki, banklar hər il qarşısına daha yaxşı nəticələr əldə etməyi qoyurlar və bazar istənilən cavabı vermir.

 

"Tutaq ki, bank həm ötən il, həm bu il 10% böyüyürsə, Azərbaycanın maliyyə bazarı balacadı, bu tələblərə cavab vermir. Nəticə etibarilə inzibati resursları olan, maliyyə resursları olan iri banklar xərclərini daha yaxşı idarə edirlər və satışlarını daha az risklə həyata keçirirlər. Böyük bankda vətəndaşlar onlara inanır, resurslarını daha ucuz qiymətə yerləşdirməyə razı olurlar. Həmin banklar bir sıra inzibati resurslara malikdir, əlaqələri yaxşıdır. Üstəlik də məhsullarını satanda, kredit verəndə müştərilərini ödəməyəndə məsuliyyətə cəlb etmək asan olur. Amma kiçik banklarda bu üstünlüklər yoxdur və bazar da böyümədikcə riskli kredit verməyə məcbur olurlar. Riskli kredit verəndə də çətin vəziyyətlər yaranır. Yəni bazarda qalmaq üçün yaxşı müştəriləri böyük, sağlam banklar götürür, pis müştərilər gəlib çıxır bunlara və bunlar da zaman-zaman çətinliklərlə qarşılaşırlar”.

 

Xalid Kərimli əlavə edir ki, azalmanın iqtisadiyyata say olaraq heç bir mənfi təsiri yoxdur.

 

"Amma banklar bağlandıqca maliyyə sektoruna inamda problem yaranır, xüsusən də təmərküzləşmə meyilləri güclənir. Yaxşıdır ki, Azərbaycan bank sektorunda keyfiyyətsiz idarə olunan bankları azaldır. Eyni zamanda yaxşı olardı ki, xarici bankların Azərbaycana girməsi üçün mümkün qədər maliyyə sektorunu, iqtisadiyyatı liberallaşdırılması haqqında düşünülərdi."

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər