“Bir profil, min maska”-saxta hesablar həyatı necə dəyişir?
Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar burada dostlaşır, işləyir, fikir paylaşır, hətta münasibətlər qurur. Lakin ekranın arxasında görünən hər profil həqiqi deyil. Son illərdə saxta hesablar həm adi istifadəçilər, həm də tanınmış şəxslər üçün ciddi problemə çevrilib. Bəzən bir fake profil kiminsə şəkillərini oğurlayaraq başqa ad altında fəaliyyət göstərir, bəzən isə insanları aldatmaq, şantaj etmək və ya nüfuzuna zərər vurmaq üçün istifadə olunur. Bir çox insan bunun sadəcə “zarafat” olduğunu düşünsə də, nəticələri psixoloji travmadan maddi ziyana qədər uzana bilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri istifadəsi üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, saxta hesablar artıq sadəcə “fake profil” məsələsi deyil, bu həm də təhlükəsizlik və psixoloji təsir problemidir:
“İnsanlar çox vaxt qarşısındakı profilin real olduğunu düşünür, amma məqsəd bəzən aldatmaq, şəxsi məlumat toplamaq və ya maddi qazanc əldə etmək olur. Ən çox istifadə olunan üsullar emosional manipulyasiya, saxta kampaniyalar, investisiya vədləri, fişinq linkləri və tanınmış şəxslərin adından profil açılmasıdır. Xüsusilə süni intellektlə hazırlanan görüntü və səslər riskləri daha da artırır. Fake profil qurbanı olan şəxslər dərhal hesabı platformaya şikayət etməli, sübutları saxlamalı, şifrələri dəyişməli, iki mərhələli doğrulamanı aktiv etməlidir. Maliyyə və ya şəxsi məlumat riski varsa, aidiyyəti qurumlara müraciət edilməlidir. Sosial media platformaları bu hesabları əsasən süni intellekt sistemləri, davranış analizi və istifadəçi şikayətləri vasitəsilə aşkarlayır. Amma fake profillər getdikcə daha real göründüyü üçün istifadəçilərin rəqəmsal savadlı olması artıq vacib bacarıqlardan birinə çevrilib”.
Banuçiçək Məmmədova