Bir sərlövhə,min oxucu:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında növbəti “Mediada Azərbaycan dili” təlimi keçirildi.
"İnformator.az" xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının Əməkdar jurnalisti, APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğlu “Sərlövhə yaradıcıllığı” mövzusunda çıxış etdi.
Qabil Abbasoğlu çıxışı zamanı mediada ana dilinin saflığının qorunmasının prioritet məsələlərdən biri olduğunu qeyd etdi.Müasir dövrdə hər kəsin cəmiyyətdə xəbər istehsalçısı olduğunu deyən Qabil bəy jurnalistin redaksiya daxilində fəaliyyətini tənzimləyən vasitələrdən də danışdı.
O, uzun illər ərzində rastlaşdığı ən ciddi problemlərdən birinin sərlövhə yaradılması məsələsi olduğunu söylədi.Əməkdar jurnalist qeyd etdi ki, bir media nümayəndəsi fasiləsiz informasiya axını şəraitində fəaliyyət göstərir və bu prosesdə vətəndaş jurnalistikası ilə ciddi rəqabət mühiti mövcuddur.Belə bir şəraitdə isə sərlövhənin düzgün və cəlbedici seçilməsi önəmli məsələdir.
O, çıxışı zamanı oxucu üçün ən qiymətli amilin vaxt olduğunu söylədi. Qeyd etdi ki, bəzən materialın məzmunu keyfiyyətli olsa da, sərlövhə uğursuz seçilir və məzmun oxucu üçün dəyərsiz hala gəlir.
Təlimdə sərlövhənin müxtəlif növlərindən danışıldı.Bildirildi ki,məqalə başlıqları oxucunun diqqətini cəlb etməli və onu mümkün qədər uzun müddət mətndə saxlamalıdır, title başlıqları isə axtarış motorları üçün nəzərdə tutularaq qısa və açar sözlər əsasında formalaşdırılmalıdır. Eyni zamanda, məktub başlıqlarının istifadəçini mesajı açmağa təşviq etməli olduğu, sosial şəbəkə başlıqlarının klik, bəyənmə və paylaşımı artırmağa xidmət etdiyi, videorolik sərlövhələrinin isə intriqa yaradan qısa ifadələr vasitəsilə baxış sayını artırmağı hədəflədiyi vurğulandı.
Sərlövhələrə qoyulan tələblərdən danışan Qabil Abbasoğlu bildirdi ki,sərlövhə oxucuya konkret vəd verməlidir.Sevinc,kədər,qorxu vəd etməli və onun təməl hisslərinə toxunmalıdlr.Həmçinin,başlıqlarda sual cümlələrindən istifadədən çəkinməməyin vacibliyi diqqətə çatdırıldı.Bildirildi ki, sərlövhələrdə rəqəmlərin sözlə deyil, rəqəm formasında olması oxunaqlılığı və vizual cəlbediciliyi artırır.
Təlim zamanı yazıçı ilə jurnalistin sərlövhəyə yanaşması arasındakı fərqə də diqqət çəkildi. Bildirildi ki, yazıçı başlığı, əsasən, öz zövqünə və daxili dünyasına uyğun seçdiyi halda, jurnalist sərlövhəni oxucunun maraq və gözləntilərinə görə hazırlayır.
Sərlövhə hazırlanarkən cəlbedici söz birləşmələrindən istifadənin effektiv üsullardan biri olduğu vurğulandı. Qeyd edildi ki, “…səbəb olan 10 şey”, “…olduğuna inanmayacaqsınız”, “məhz buna görə…”, “…sonra görün nə oldu”, “…dair 7 məsləhət” kimi ifadələr oxucunun marağını artırmaq baxımından geniş istifadə olunur. Qeyd edildi ki, bu yanaşma uzun müddət Qərb mediasında trend olub və hazırda yerli mediada da tətbiq edilməyə başlanıb.
Sonda Əməkdar jurnalist sərlövhə seçimi zamanı hər mövzu üçün beş alternativ başlıq üzərində düşünməyin vərdiş halına gətirilməsinin vacibliyini vurğuladı.Təlim iştirakçıların sualları və aparılan müzakirələrlə yekunlaşdı.
Cəfərova Səkinəbəyim
