"Bir uşaqlı ailə modeli millətin yenilənməsinə mane olur " - Ekspert rəyi
Azərbaycanın əhali artımı uzun müddət demoqrafik inkişafın əsas göstəricilərindən biri olub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə ölkə əhalisinin sayı 32 109 nəfər artaraq 10 256 998 nəfərə çatıb ki, bu da 0,3 % artım deməkdir. Statistik göstəricilər göstərir ki, son illərdə əhali artımının tempi tədricən aşağı düşməkdədir: 2024-cü ildə artım 0,4 %, 2023-cü ildə isə 0,5 % olubdur. Beləliklə, Azərbaycan əhalisi mütəmadi olaraq artır, lakin illik artım sürətində azalma müşahidə olunur. Bu tendensiya ölkənin demoqrafik siyasətinin və əhali strukturunun qiymətləndirilməsində mühüm rol oynayır.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı “İnformator.az”a bildirib ki, doğumun azalması son dövrlər bütün dünya ölkələrində müşahidə olunur:
“Bu, yeni dövrün şərtləri və həyat tərzidir. İnsanlar artıq çox uşaqlılığa meyilli deyillər, az uşaqla kifayətlənirlər. Ümumiyyətlə, evlənmələrin sayı da azalır. Bu, qlobal tendensiyadır və Azərbaycanda da eyni proses gedir. Həm evlənmələrin sayında azalma var, həm boşanmalarda artım, həm də ailələrdə uşaq sayı azalır. Bu, demoqrafik baxımdan problem yarada bilər, çünki bir millətin yenilənməsi üçün normal ailə sistemi və uşaqlı ailə modeli vacibdir. Bir uşaqlı və iki uşaqlı ailə modeli əhalinin artımına xidmət etmir, əksinə, qocalmaya və sosial yükün artmasına səbəb olur”.
Bayramlı əlavə edib ki, əhalinin sağlam yenilənməsi üçün milli mənəvi dəyərlərin gücləndirilməsi və sosial dəstəyin artırılması vacibdir:
“Son illərdə dövlət səviyyəsində ailə dəyərlərinə diqqət artırılıb. Milli Genofondun sağlamlaşdırılması üçün qohum evliliklərinin qadağan olunması, ailələrə sosial dəstək proqramları, gənclərin məşğulluğunun təmin olunması kimi tədbirlər həyata keçirilir. Dövlətin tətbiq etdiyi məşğulluq proqramları gənclərin biznes qurmasına və ailələrini təmin etməsinə imkan yaradır, bu da ailələrdə uşaq sayının artmasına şərait yaradır. Əgər sosial və mənəvi dəstək artırılarsa, Azərbaycan üçün ciddi demoqrafik problem olmayacaq”.
Ekspert vurğulayıb ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərləri əsasında yaşamalı və dövlətin bu istiqamətdə iradəsini dəstəkləməlidir:
“Cənab Prezidentin çıxışlarında dəfələrlə vurğulandığı kimi, yalnız milli-mənəvi dəyərlərimiz əsasında cəmiyyət qurulmalı, sosial-iqtisadi inkişaf təmin edilməli, ailələr qorunmalı və gələcəyə təmin edilməlidir. Bu tədbirlər həyata keçirildikdə, gələcəkdə əhali artımı və milli genofondun sağlamlığı təmin olunacaq”.
Mehriban Yariyeva