Birdəfəlik plastik qablar: Bir neçə dəqiqəlik rahatlıq, yüzlərlə illik təhlükə
Bir neçə dəqiqəlik rahatlıq, əsrlərlə davam edən təhlükə. Hər gün kafe və restoranlarda qarşılaşdığımız birdəfəlik plastik qablar, gündəlik həyatımızı asanlaşdırdığı qədər həm sağlamlığımızı, həm də təbiəti səssizcə məhv edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Sevil Yüzbaşova bildirib ki, ictimai iaşə obyektlərində hər gün minlərlə birdəfəlik plastik qabların atılması qlobal ekoloji böhranı, torpaq və su hövzələrinin çirklənməsini, eləcə də biomüxtəlifliyin məhvini kəskin şəkildə sürətləndirir.
"Bu məhsullar cəmi bir neçə dəqiqə istifadə olunsa da, təbiətdə tam yox olması yüzlərlə il çəkir. Plastik qablar və çəngəl-bıçaqlar bioloji olaraq parçalanmır, sadəcə xarici amillərin təsiri ilə getdikcə kiçilərək mikroplastiklərə çevrilir. Bu kiçik hissəciklər torpağa və yeraltı sulara qarışır. Dəniz canlıları onları udur və balıqlar vasitəsilə birbaşa insanların qida zəncirinə daxil olur. Dünya Vəhşi Təbiət Fondunun (WWF) araşdırmalarına görə, insanlar hər həftə təxminən bir plastik kart çəkisi qədər mikroplastik qəbul edirlər. Mikroplastik tullantılar qlobal ekosistemi, okean sularını və canlı aləmi birbaşa zəhərləyərək planetin iqlim tənzimləmə mexanizmlərini pozur. Plastik hissəciklər biosferdə daimi hərəkəti səbəbindən demək olar ki, bütün Yer kürəsini çirkləndirsə də, xüsusilə dəniz ekosistemləri mezoplastiklər, mikroplastiklər və nanoplastiklər üçün əsas anbardır. Okeanlara tökülən şirin su sistemləri və əhalisi sıx olan sahil əraziləri xüsusən də sənayeləşmiş ərazilər dəniz ekosistemlərində mikroplastik çirklənmənin əsas mənbələridir".
Ekoloq bildirib ki, kafe və restoranlar plastik qabların əvəzinə təbiətdə tamamilə parçalanan, toksik maddə yaymayan və kompost edilə bilən bir neçə effektiv bitki mənşəli materialdan istifadə edə bilərlər:
"Bu materiallar həm müştəri sağlamlığı, həm də ətraf mühit üçün tamamilə təhlükəsizdir. Qidanı qablaşdırmaq və daşımaqüçün seçim edərkən şüşə, saxsı, taxta qablar və ya kağız torbalardan istifadəyə üstünlük vermək lazımdır. Uzunmüddətli istifadə oluna bilən "market zənbillərindən" yararlanmaq olar.
İnsanlar, tullantıların sağlamlıq üçün yaratdığı təhlükələr barədə məlumatlı olmalı, tullantılarla mübarizə aparmağı bacarmalıdırlar. Şəhərdəyaşayan hər insan bir ildə ətraf mühitə təqribən 230 kq məişət tullantısı atır. Ətraf mühitə atılanzibil vedrələrində olan zibilləri yük vaqonlarınatoplasaq, onda 850 km uzunluğunda bir dəmiryolqatarları yaranar və bu olduqca uzun bir məsafədir".
Aysu Qədirzadə