Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mövzu ilə bağlı “İnformator.az”-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr son illərdə intensivləşib, xüsusilə enerji, investisiya, tranzit və turizm sahələrində əməkdaşlıq genişlənir və böyük inkişaf potensialı var:
"Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında geniş əlaqələr mövcuddur. Prezidentin son günlərdə yenidən bu ölkəyə səfər etməsi münasibətlərin inkişaf etdiyini göstərir. Qeyd etmək lazımdır ki, son 5 ildə dövlət başçısı bir neçə dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib, eyni zamanda həmin ölkənin rəsmi şəxsləri də Azərbaycana səfərlər həyata keçiriblər.
Həm ənənəvi iqtisadiyyat, həm də yeni və alternativ enerji sahələrində əməkdaşlıq genişlənməkdədir. Artıq bir sıra layihələrə start verilib və qarşılıqlı investisiyalar mövcuddur. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın enerji layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən təşəbbüslərə investisiya yatırıb.
Eyni zamanda enerji infrastrukturu, alternativ enerji, tranzit və turizm sektorlarında da əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Bu cür yüksək səviyyəli görüşlər real nəticələr verir və əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir".
Arzu Poladova
