Bitkoin kəskin ucuzlaşıb
Bitkoin 6 noyabr 2024-cü ildən bəri ilk dəfə 70 min dollardan aşağı düşüb.
Bu barədə “Binance” portalının müvafiq göstəricilərində qeyd olunub.
Son məlumata görə, kriptovalyutanın qiyməti 7,68 faiz ucuzlaşaraq 67 min 412 dollara qədər enib.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bitkoinin kəskin ucuzlaşması riskli aktivlərdən çıxış, fərdi investorların likvidasiya prosesi və bazar spekulyasiyaları ilə bağlıdır:
“Kriptovalyuta təqribən 40 faiz dəyərini itirib. Səbəblər bunlardır ki, kriptovalyuta riskli aktivlərlə assosiasiya olunurdu. Texnoloji səhmlər düşəndə və gümüş də ucuzlaşanda spekulyativ aktivlər də düşür. Bunlar düşəndə bitkoini də dartırlar, çünki onlar bir-biri ilə bağlıdır və paralel hərəkət edirlər. Texnoloji səhmlər qalxdıqda isə bu aktivlər də artır.
İkinci səbəb fərdi investorların mövcudluğu ilə bağlıdır. Buna marjin hesabları deyirlər. Mahiyyəti budur ki, investorlar borc götürərək alırlar və platformalar borcu onların portfeli əsasında təmin edir. Yəni, girov kimi bitkoin özünü göstərir. Kriptovalyuta düşəndə yalnız bitkoin deyil, bütün aktivlər düşür. Çünki fərdi investorlar borcdan istifadə ediblər və portfel dəyəri azaldıqda likvidasiya prosesi başlayır. Məsələn, 10 min dollarlıq investisiya qoyublar və girov kimi 9 min dollarlıq kriptovalyutalarını veriblər, yalnız 1 min dollar öz pullarıdır. Portfel ucuzlaşanda investorlar aktivləri satmağa başlayır və satdıqca qiymət daha da düşür.
Üçüncü məsələ bir sıra exchange-traded fondların (ETF) kriptovalyuta satmasıdır. “Niyə satırlar?” sualına gəlincə, bu, Amerikanın yeni FED sədri Kevin Varşın namizədliyi ilə bağlıdır. Əvvəllər investorlar hesab edirdilər ki, dollar ucuzlaşacaq və faizlər aşağı düşəcək. Buna görə də qızıl, metallar və bitkoin bahalaşacaq. Lakin Kevin Varş kifayət qədər nüfuzlu, müstəqil bir şəxsdir və Tramp onu təyin etsə də, onun göstərişlərinə məcbur olmaya bilər. Bu proses investorların riskli aktivlərdən çıxmasına və satışların artmasına səbəb olub. Bütün bunlar, riskə meylliliyin azalması, fərdi investorların likvidasiya prosesi, böyük fondların kriptovalyuta satması və Kevin Varşın FED sədrliyinə namizədliyi səbəbindən dolların güclənməsi eyni vaxtda baş verib. Əsas nüans isə budur ki, bitkoin çox bahalaşmışdı və bu bahalaşmanın əsas səbəbi yox idi. Sadəcə spekulyasiyalar nəticəsində qiymət artmışdı. Ona görə də, tərsinə də gedir. Nə qədər sürətlə bahalaşırsa, o qədər sürətlə ucuzlaşma ehtimalı da var”.
Lalə Qurbanlı
