00:00:00
Yazar
Admin User
17.11.2023 11:33 324 4 dəq oxuma
Sosial

Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik

Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik

“İlk növbədə qeyd edim ki, Təhsil sahəsində islahat proqramlarının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir”.

 

Bu sözləri İnformator.az-a tanınmış təhsil eksperti Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, bir çox hallarda bu hal mümkün olmur.

 

“Bunun əsas səbəbi təhsil alanların hədsiz dərəcədə yüklənməsidir. Tədris proqramında müvafiq elm sahəsinin nailiyyətləri şagirdlərin yaş, qavrama səviyyəsinə uyğun öz əksini tapmalıdır. Lakin bu heç də dərslikləri nəzəri məlumatlarla yükləməyə əsas vermir. O elmi materiallar faydalı hesab olunur ki, bunlar bilavasitə şagirdlərdə idraki bacarıqların, xüsusilə də tətbiqi bacarıqların formalaşmasına xidmət edir”.

 

Kamran Əsədov düşünür ki, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir.

 

“Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır. Amma təəssüflər olsun ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar”.

 

Ekspertin sözlərinə görə, ev tapşırıqları həddindən artıq çox olur.

 

“Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər”.

 

Kamran Əsədov qeyd edir ki, yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar.

 

“Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər. Etiraf edim ki, ibtidai siniflərdə dərs proqramı əvvəlki illərdə olduğu kimi ağırdır. Üstəlik müəllimlərin uşaqları sinifdənxaric oxu materialları ilə yükləməsi uşaqları həddindən artıq yorur. Dərsliklər və əlavə oxu materialları və iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir”.

 

Müsahib bildirir ki, ağır çantaları valideynlər belə daşımaqda çətinlik çəkirlər.

 

“Vacib bir məqamı qeyd edim ki, beynəlxalq təhsil sistemində yaş xüsusiyyətinə görə standart düstur var. Dərsliklər hazırlanarkən 1 paraqrafda və 1 səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur təmamilə kobud şəkildə pozulub”.

 

Ekspert düşünür ki, ibtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil.

 

“Məsələn; 1 paraqrafda olan sözlərin, ifadələrin, şəkillərin sayı 6-7 yaşlı uşaqlar üçün deyil. Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub. Ən ciddi pozuntu 3-cü, 4-cü siniflər üçün yazılan kitablardır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür. 4-cü, 5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil”.

 

K. Əsədov əlavə edir ki;

 

"Bu 1 həftə ərzində I sinif kitablarını analiz etmişəm və gəldiyim qənaət budur; belə ibtidai sinif kitabı olmaz! Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik. Kitablar Təhsil nazirliyinin sifarişilə hazırlanır. Nəşriyyatları və dərslik müəlliflərini yığıb tender elan edilir. Hərə öz kitabını yazır. Hətta ən pis kitab tenderdən keçir. Nazirlik sadəcə seçir. Əslində, bütün dünyada olduğu kimi özlərinin dərslik mərkəzi olmalıdır. 2 aya yazılan dərslik əlbəttə keyfiyyətli olmayacaq. Düşünürəm ki, Beynəlxalq standartların Azərbaycanda reallaşması artıq mümkün deyil”.

 

Ekspert açıqlamasında öz etirazlarını da dilə gətirib.

 

“Orta məktəbin funksiyası şəxsiyyət yetişdirməkdir, amma bu kitabların heç biri şəxsiyyət yetişdirmir. Mənasız informasiya yükü şagirdin yaş xüsusiyyətinə uyğun deyil. Ev tapşırıqları həddindən artıq çoxdur. Əlbəttə ki, dərs yükü çox olduqda onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Mənəvi ehtiyaclarını ödəyə bilməyən uşaqlara isə dərs cəlbedici gəlmir, sadəcə, əzbərçilik edirlər”, - deyə ekspert yekunlaşdırıb.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər