Bizə hər gün təsir edən psixoloji fenomenlər: Şüuraltımızın gizli oyunları
Düşünürsünüz ki, gün ərzində verdiyiniz qərarlar, insanlara münasibətiniz və ya hissləriniz tamamilə sizin idarənizdədir? Əslində psixologiya yalnız elmi kitabların səhifələrində qalmır, o, hər gün addımbaaddım yaşadığımız həyatın tam mərkəzindədir. Günlük yaşantımızda qarşılaşdığımız, lakin adını bəlkə də ilk dəfə eşidəcəyiniz bir çox effektlər və sindromlar davranışlarımızı bizdən xəbərsiz yönləndirir. Gəlin həyatımızı fərqinə varmadan formalaşdıran bu psixoloji fenomenlərə birlikdə nəzər salaq.
Halo effekti (İmicin və ilk təəssüratın gücü)
İnsanın yalnız bir müsbət xüsusiyyətinə baxaraq onun bütün şəxsiyyəti haqqında müsbət qənaətə gəlməyimizdir. Biri ilə ilk dəfə qarşılaşdıqda onun xarici görünüşünün şıqlığı, cazibəsi və ya xoş təbəssümü bizdə onun avtomatik olaraq ağıllı, dürüst və ya peşəkar olduğu təəssüratını yaradır.
Gündəlik həyatda: Reklamlardan tutmuş iş müsahibələrinə və ikitərəfli münasibətlərə qədər hər yerdə qarşımıza çıxır. Yaxşı geyinmiş və xarizmatik bir insanın dediklərinə daha tez inanmağımız və ya ona daha çox etibar etməyimiz məhz bu effektdən qaynaqlanır.
Spotlight effekti (Diqqət mərkəzi effekti)
Bizim öz dünyamızın mərkəzində olduğumuz üçün başqalarının da diqqətinin davamlı olaraq bizim üzərimizdə olduğunu zənn etməyimizdir. Psixologiyada diqqət mərkəzi effekti kimi tanınan bu vəziyyət insanı cəmiyyət arasında yersiz gərginliyə salır.
Gündəlik həyatda: Geyiminizdə balaca bir ləkə olduqda elə hiss edirsiniz ki, küçədəki hər kəs yalnız həmin ləkəyə baxır. Ya da cəmiyyət arasında dediyiniz kiçik bir səhv sözün günlərlə yaddan çıxmayacağını düşünürsünüz. Halbuki reallıqda insanların böyük əksəriyyəti yalnız özləri və öz problemləri ilə məşğuldur.
İmposter sindromu (Dələduzluq sindromu - öz uğruna inamamaq)
İnsanın öz uğurlarına, qazandığı nailiyyətlərə baxmayaraq, içdən-içə yetərsiz olduğunu düşünməsi və dələduzluq hissinə qapılmasıdır. Şəxs öz zəhmətini kiçildir, uğurlarını yalnız şans və ya təsadüf ilə əlaqələndirir.
Gündəlik həyatda: Xüsusilə iş və təhsil həyatında böyük uğurlar qazanan şəxslərdə tez-tez görünür. Şəxs davamlı olaraq "mən bu yerə təsadüfən gəlmişəm, tezliklə hamı mənim əslində yetərsiz olduğumu anlayacaq" qorxusu ilə yaşayır.
Həyatımızda qarşılaşdığımız bu psixoloji fenomenlər beynimizin məlumatları daha sürətli emal etmək üçün istifadə etdiyi bir növ qısayollardır. Bu effektlərin fərqində olmaq bizə həm öz davranışlarımızı və narahatlıqlarımızı daha yaxşı anlamağa, həm də ətrafımızdakı insanlara qarşı daha obyektiv və anlayışlı yanaşmağa kömək edir.
Samirə Allahverdizadə