“Bizim birləşməkdən başqa çıxış yolumuz yoxdur” - ŞƏRH
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, qardaş Türkmənistan Orta Asiyanın zəif bəndidir:
“Yəni inteqrasiya proseslərində o qədər də həvəslə iştirak etmir. Xüsusilə də, Türk Dövlətləri Təşkilatı çərçivəsində ən zəif iştirak edən ölkə qardaş Türkmənistandır. Türkmənistan müstəqil bir türk dövləti olmasına baxmayaraq, hələ də Türk Dövlətləri Təşkilatına tam hüquqlu üzv olmağa meyillənmir. Halbuki bütün türk dövlətləri, o cümlədən də Azərbaycan çox istərdi ki, Türkmənistan da Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü olsun. Halbuki onlar Türk Dövlətləri Təşkilatında tam hüquqlu üzv olsalar, daha çox təsir imkanları əldə edər və daha geniş inteqrasiya yoluna çıxmış olarlar. Yəni bu baxımdan Ceyhun Bayramovun Rəşid Meredovla görüşünü dəyərləndirə bilərik. Türkmənistan xarici işlər nazirinin həll edə biləcəyi çox məsələlər yoxdur. Yəni o ölkədə idarəetmə Azərbaycandan fərqli olaraq çox məhduddur, qapalıdır. Ən ali rəhbər səviyyəsində hər şey həll edilir. Orta Asiyanın yaxud da Türkmənistanın Azərbaycanla yaxınlaşması, inteqrasiya məsələlərinin sürətlənməsi baxımından bir addımın atılacağını proqnozlaşdıra bilmirəm”.
Həmçinin siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın Orta Asiya bölgəsində təsir imkanlarını genişləndirməsi üçün potensial həddən artıq çoxdur:
“Əlbəttə ki, bu potensialın daha geniş vüsət ala bilməsi üçün bizim dayaq nöqtəmiz Türkmənistan deyil. Bunun üçün qardaş Özbəkistan, Qazaxıstan, Qırğızıstan, hətta Türk Dövlətləri Təşkilatının üzvü olmasa da, Tacikistan üzərindən görə biləcəyimiz işlər həddən artıq çoxdur. Yəni Türkmənistan bizim günahımız üzündən deyil, özünün yaratdığı şərait üzündən bu məsələdə rol oynayacaq bir nöqtə deyil. Əgər Orta Asiya dövlətləri gələcəyi təminat altına almaq istəyirsə, bizim birləşməkdən başqa çıxış yolumuz yoxdur. Türk Dövlətləri Təşkilatı çərçivəsində birləşmişik, amma bu birlik arzu olunan sürətlə irəli getmir. Bu isə o dövlət də daxil olmaqla digər dövlətlərin də Çin və Rusiyanın yeminə çevrilməsinə səbəb ola bilər. Yəni onlar əgər qurtulmaq istəyirsə, ümumiyyətlə, gələcəkdə təminat altında, dövlətçiliklərini qorumaq istəyirlərsə, mütləq Türk Dövlətləri Təşkilatında daha dərin inteqrasiyaya getməlidirlər. Əks təqdirdə günün birində Rusiya da, Çin də onları bu və ya digər şəkildə küncə sıxışdıracaq və hətta biz də qardaş Türkiyədə heç nə edə bilməyəcəyik. Çünki bizi tək-tək yemək, yox etmək, ortadan qaldırmaq Çin üçün də, Rusiya üçün də problem deyil. Amma biz birlik olarsaq, Türk Dövlətləri Təşkilatı olaraq daha sıx inteqrasiyaya getsək, Rusiya da, Çin də, İran da, hətta başqa qlobal güclər də artıq bizimlə hesablaşmaq məcburiyyətində qalacaqlar”.
Günel Əlili