BMT-nin Ümumdünya Şəhərsalma Forumu Azərbaycanda
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzu və müasir şəhərsalma perspektivləri baxımından önəmli hesab olunur. Forumda dayanıqlı inkişaf və “ağıllı şəhər” modelləri əsas müzakirə mövzularındandır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov "İnformator.az"a açıqlama verib. O bildirib ki, forum Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır:
"WUF13-ün Azərbaycanda keçirilməsi vacib hadisələrdən biridir. Çünki Ümumdünya Urban Forumu iştirakçılıq səviyyəsinə görə dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri hesab olunur. Forum çərçivəsində 35 minə yaxın xarici nümayəndənin Azərbaycana gələcəyi gözlənilir və artıq 25 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu da tədbirin həm miqyas, həm də beynəlxalq əhəmiyyət baxımından ciddi forum olduğunu göstərir.Bu forum Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Bakının infrastrukturu və urban inkişaf istiqamətində tətbiq olunan yeni modellərin təqdimatı üçün vacib platformadır. Forumun əsas tədbirləri Bakıda keçirilsə də, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni şəhərsalma modellərinin də beynəlxalq ictimaiyyətə təqdim olunacağı gözlənilir".
Milli Məclisin deputatı qeyd edib ki, WUF13 turizm və xidmət sektorunun inkişafı baxımından da önəmli hadisədir:
"Minlərlə xarici nümayəndənin ölkəyə səfəri həm qısamüddətli iqtisadi aktivliyə, həm də uzunmüddətli turizm potensialının tanıdılmasına töhfə verəcək. Bununla yanaşı, forum Azərbaycanın investisiya imkanlarının və qeyri-neft sektorunun təqdimatı baxımından da mühüm rol oynayır. İnfrastruktur və inkişaf layihələrinin beynəlxalq auditoriyaya təqdim edilməsi xarici sərmayənin cəlb olunmasına əlavə imkanlar yarada bilər. COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunan WUF13 ölkənin beynəlxalq nüfuzunun güclənməsi baxımından da əhəmiyyətlidir. Forum həm yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana cəlb olunmasına, həm də iqtisadi inkişaf hədəflərinin reallaşmasına töhfə verə bilər. Xüsusilə, qeyri-neft sektoruna investisiya cəlbi istiqamətində Azərbaycanın potensialının təqdim edilməsi bu tədbirin əsas üstünlüklərindən biri hesab olunur".
Səmayə Səftərova