00:00:00
Yazar
Hüseynova Mələk
09.10.2026 18:33 27 2 dəq oxuma
Dünya

BMT Təhlükəsizlik Şurasında Ukrayna müzakirə olunacaq

BMT Təhlükəsizlik Şurasında Ukrayna müzakirə olunacaq

BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı iclas keçiriləcək. İclasda Ukraynadakı mövcud vəziyyətin, müharibənin gedişatının və münaqişənin həlli perspektivlərinin müzakirə olunacağı gözlənilir.

 

Mövzu ilə bağlı "İnformator. az"a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna məsələsinin növbəti dəfə müzakirəyə çıxarılması göstərir ki, müharibə beynəlxalq təhlükəsizlik gündəliyinin əsas mövzularından biri olaraq qalır:

 

“Hesab edirəm ki, bu iclasın siyasi əhəmiyyəti yalnız cəbhədəki mövcud vəziyyətin qiymətləndirilməsi ilə məhdudlaşmır. Burada əsas məsələ beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması və siyasi həll yollarının tapılması istiqamətində hansı mövqedən çıxış edəcəyidir. Xüsusilə, müharibənin uzanması, humanitar vəziyyətin ağırlaşması və regional təhlükəsizlik risklərinin artması fonunda belə müzakirələr diplomatik baxımdan mühüm əhəmiyyət daşıyır. Bununla belə, Təhlükəsizlik Şurasının mövcud strukturu və daimi üzvlərin veto hüququ nəzərə alındıqda, iclasın konkret və bütün tərəflər üçün məcburi qərarlarla nəticələnəcəyini gözləmək real görünmür. Daha çox tərəflərin öz mövqelərini beynəlxalq ictimaiyyətə çatdırması və diplomatik təzyiq imkanlarından istifadə etməsi ehtimal olunur. İclas zamanı Rusiya ilə Qərb dövlətləri arasında əsas fikir ayrılıqlarının müharibənin səbəbləri, Ukraynanın ərazi bütövlüyü, təhlükəsizlik təminatları və mümkün sülh razılaşmasının şərtləri ətrafında cəmləşəcəyi gözlənilir. Qərb ölkələrinin Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipini ön plana çıxarması, Rusiyanın isə NATO-nun genişlənməsi və öz təhlükəsizlik maraqları ilə bağlı arqumentlərini təkrarlaması mümkündür. Digər mühüm fikir ayrılığı atəşkəsin hansı şərtlərlə əldə olunması və işğal olunmuş ərazilərin gələcək statusu ilə bağlı olacaq. Əslində, tərəflər arasında əsas ziddiyyət yalnız müharibənin necə dayandırılması deyil, müharibədən sonra Avropada təhlükəsizlik arxitekturasının hansı prinsiplər əsasında qurulması məsələsidir. Bu baxımdan, Təhlükəsizlik Şurasındakı müzakirələr həm də Rusiya ilə Qərb arasında daha geniş geosiyasi qarşıdurmanın diplomatik müstəvidə davamı kimi qiymətləndirilə bilər”.

 

 

Politoloqun sözlərinə görə, bu müzakirələrin Rusiya-Ukrayna danışıqlarına təsirinə gəldikdə isə, yaxın perspektivdə ciddi dönüş yaradacağını düşünmürəm:

 

“Çünki müharibənin siyasi həlli ilk növbədə Moskva və Kiyevin mövqelərindən, eləcə də prosesə təsir imkanları olan əsas beynəlxalq aktorların diplomatik səylərindən asılıdır. BMT Təhlükəsizlik Şurası tərəflərin mövqelərini yaxınlaşdırmaq, beynəlxalq hüquq prinsiplərini xatırlatmaq və diplomatik dialoqu təşviq etmək baxımından mühüm platformadır, lakin mövcud ziddiyyətləri təkbaşına aradan qaldırmaq imkanına malik deyil. Bununla belə, iclas çərçivəsində səsləndiriləcək çağırışlar, xüsusilə atəşkəs, humanitar məsələlər və təhlükəsizlik təminatları ilə bağlı təkliflər gələcək danışıqlar üçün müəyyən siyasi zəmin yarada bilər. Hesab edirəm ki, hazırkı mərhələdə əsas məsələ tərəfləri yalnız danışıqlar masasına qaytarmaq deyil, həm də əldə oluna biləcək razılaşmanın uzunmüddətli və dayanıqlı sülhə xidmət etməsini təmin etməkdir”.

 

Mələk Hüseynova

 

#BMT #Ukrayna #müzakirə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər