00:00:00
Yazar
Ayan Sadi
08.10.2026 20:51 36 2 dəq oxuma
Dünya

“Şimal axını”nın bərpası sual altındadır

“Şimal axını”nın bərpası sual altındadır

ABŞ və Rusiya rəsmiləri “Şimal axını” qaz kəmərləri vasitəsilə Rusiyanın Avropaya qaz tədarükünün bərpası məsələsini müzakirə ediblər. Görüş zamanı kəmərlərə ABŞ investorunun cəlb olunması imkanının da nəzərdən keçirildiyi bildirilir.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında deyib ki, “Şimal axını”nın bərpası və Avropaya Rusiya qazının nəqlinin yenidən başlaması hazırkı şərtlərdə real görünmür.

 

Politoloqun sözlərinə görə, ABŞ və Rusiya arasında müxtəlif məsələlərlə bağlı danışıqlar aparılsa da, bu görüşlərin real nəticələrə çevrilməsi müşahidə olunmur.

 

“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri - Stiv Vitkoff və onun kürəkəni Cared Kuşnerin Rusiyaya mütəmadi səfərlər etməsi, müxtəlif məsələlər üzrə razılaşmaların əldə olunması ilə bağlı açıqlamalar verməsi barədə dəfələrlə xəbərlər yayılıb. Lakin sonradan bu açıqlamaların real nəticələrə çevrildiyinin şahidi olmadıq.

 

ABŞ və Rusiya arasında “Şimal axını” qaz kəmərlərinin bərpası və Avropa dövlətlərinin bu kəmər vasitəsilə Rusiyadan qaz alması inandırıcı və real görünmür. Çünki “Şimal axını”nın fəaliyyətinin dayandırılması və Rusiya neft-qazından imtina Avropa ölkələrinin öz qərarı olub. Bildiyiniz kimi, hazırda da Rusiyaya qarşı 11 sanksiya paketi qüvvədədir”.

 

Taleh Əliyev hesab edir ki, “Şimal axını” ilə Avropaya qaz nəqlinin bərpası üçün Avropa dövlətlərinin və Avropa İttifaqının mövqeyi həlledici əhəmiyyət daşıyır.

 

“Bu səbəbdən “Şimal axını” ilə Avropaya qaz nəqlinin bərpası məsələsində qərarverici tərəflərdən biri mütləq Avropa dövlətləri və ya Avropa İttifaqının müvafiq strukturları olmalıdır. Hazırda isə sözügedən razılaşma ciddi rəsmi statusu olmayan iki diplomat arasında əldə olunmuş anlaşma kimi təqdim edilir. Ona görə də bunun yaxın zamanda reallaşacağı barədə fikir söyləmək həm tezdir, həm də real görünmür”.

 

Qeyd edək ki, Donald Trampın yenidən hakimiyyətə gəlişindən sonra ABŞ və Rusiya arasında çoxşaxəli əməkdaşlığın qurulacağı ilə bağlı müxtəlif bəyanatlar səsləndirilib. Lakin bu günə qədər ABŞ-nin Rusiyaya qarşı əvvəlki sanksiyaları qüvvədə saxladığı, eyni zamanda yeni sanksiyalar elan etdiyi müşahidə olunub. Bununla yanaşı, iki ölkə arasında birgə layihələrin real şəkildə həyata keçirilməsi ilə bağlı konkret nəticələr hələlik görünmür.

 

Aydan Əsgərxanlı

#azərbaycan #“şimal #sual #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər