00:00:00
Yazar
Hüseynova Mələk
08.10.2026 18:27 31 2 dəq oxuma
Dünya

Livan sərhədində nə baş verir?-Sülhməramlıların atəşə tutulmasının pərdəarxası

Livan sərhədində nə baş verir?-Sülhməramlıların atəşə tutulmasının pərdəarxası

Livanın cənubunda yerləşən BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) mövqeləri növbəti dəfə atəşə tutulub. İsrail-Livan sərhədində qarşıdurmanın dərinləşdiyi bir vaxtda baş verən bu hadisə beynəlxalq missiyanın təhlükəsizliyini yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı "İnformator. az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Livan ərazisində yerləşdirilən BMT sülhməramlı missiyası 1978-ci ildə İsrailin Livana müdaxiləsindən sonra bölgədə yerləşdirilib:

 

"Bu, Livanın cənubu ilə İsrail arasındakı sərhəddə yerləşdirilən bir missiyadır və bu missiyanın fəaliyyəti bu günə qədər davam edir, ilin sonunda onun müddəti bitir. İlk dövrlər bunlara yalnız nəzarət funksiyası verilsə də, 2006-cı ildə baş verən Hizbullah savaşından sonra bu missiyanın mandattı biraz da genişləndirilib. Amma bu missiya Livanın cənubunda yerləşsə də, bir çox hallarda İsrailin Livanın cənubunda apardığı əməliyyatlara qarşı hansısa bir tədbirlər görmək iqtidarında deyil. Biz ordakı sülhməramlıların da hədəf alındığını görürük və bu da müəyyən təhlükəsizliklə bağlı problemləri ortaya çıxarır”.

 

 Politoloq qeyd edir ki, bu cür hadisələr zamanla təkrarlanan hadisələr olduğuna görə bununla bağlı BMT-dən müəyyən reaksiyalar olacaq:

 

“Protokol olaraq bu hadisə pislənəcək və BMT-nin münasibəti açıqlanacaq, amma bu missiyanın mühafizəsinin, yəni imkanlarının genişləndirilib təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı hansısa əlavə tədbirlərin görüləcəyi ehtimalı azdır. Artıq onlar 48 ildir burda fəaliyyət göstərirlər və ilin sonunda da onların missiyasının müddəti bitir. Hücumlar, əlbəttə ki, bölgədə gərginliyə səbəb olan addımlardır. Bölgədə təhlükəsizliyin təmin olunması üçün bu coğrafiyadakı problemlərin həlli lazımdır və bu problemləri yaradan səbəblər ortadan qaldırılmalıdır. Bu olmayanadək, əlbəttə ki, bölgədə təhlükəsizliklə bağlı qayğılar qalacaq, humanitar problemlər yaşanacaq və hərbi gərginliklər azalmayacaq".

 

Xədicə İsmayılova

 

#Livan #BMT #Sülhməramlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər