Boris Nemtsov Moskvada öldürülüb
Rusiyanın aparıcı müxalifətçi siyasətçisi, sabiq Baş nazirin müavini Boris Nemtsov Moskvada güllələnərək öldürülüb, bu haqda Rusiya rəsmiləri məlumat verib.
Polisin məlumatına görə, naməlum hücumçu maşından cənab Nemtsovun kürəyinə dörd güllə atıb.
Bundan bir neçə saat öncə o, bazar günü Moskvada Ukraynadakı mühairbəyə qarşı keçiriləcək yürüşə dəstək üçün çağırış etmişdi.
Rusiya prezidenti Vladimir Putin qətli pisləyib və qətl haqqında istintaqı "şəxsi nəzarəti altına" alıb, onun sözçüsü Dmitri Peskov belə deyib.
Hadisədə "sifarişli qətlin əlamətləri" var, cənab Peskov əlavə edib.
Bu yaxınlarda verdiyi müsahibəsində cənab Nemtsov Ukraynadakı müharibəyə qarşı olduğuna görə cənab Putinin onun qətlini sifariş edəcəyi barədə narahat olduğunu demişdi.
55 yaşlı Boris Nemtsov 1990-cı illərdə Prezident Boris Yeltsinin birinci Baş nazir müavini vəzifəsində çalışırdı.
Cənab Nemtsov 1991-1997-ci illərdə Nijni Novqorod vilayətinin qubernatoru, daha sonra yanacaq və energetika naziri vəzifələrində də olub və iqtisadi islahatçı kimi tanınıb.
Son illər Boris Nemtsov müxalifət hərəkatının liderlərindən biri olub.
