QUAD ölkələri liderlərinin Manilada görüşü
Filippinin paytaxtı Manilada QUAD ölkələri – ABŞ, Yaponiya, Hindistan və Avstraliya liderlərinin görüşü keçirilir. Görüşün əsas gündəliyini Hind-Sakit okean regionunda təhlükəsizliyin təmin edilməsi, regional sabitliyin qorunması və ölkələr arasında strateji əməkdaşlığın gücləndirilməsi məsələləri təşkil edir. Tərəflərin, həmçinin mövcud geosiyasi vəziyyəti, iqtisadi əlaqələri və regional çağırışları müzakirə edəcəyi gözlənilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, QUAD ölkələrinin – ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın liderlərinin Manilada keçirilən görüşü ətrafında aparılan müzakirələr Hind-Sakit okean regionunda dəyişən geosiyasi reallıqlarla birbaşa bağlıdır:
“Çinin Cənubi Çin dənizində hərbi fəallığının artması, mübahisəli ərazilər ətrafında gərginliyin yüksəlməsi və strateji dəniz yollarına nəzarət uğrunda rəqabətin güclənməsi region ölkələrini təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə sövq edir. ABŞ üçün əsas məqsəd Çinin regional təsir imkanlarını balanslaşdırmaq və müttəfiqləri ilə koordinasiyanı artırmaqdır”.
Politoloq qeyd edib ki, Yaponiya və Avstraliya dəniz yollarının təhlükəsizliyinə xüsusi əhəmiyyət verir:
“Hindistan isə həm regional güc balansının qorunmasında maraqlıdır, həm də Çinlə münasibətlərində strateji müstəqilliyini saxlamağa çalışır. Bu baxımdan, QUAD yalnız təhlükəsizlik məsələlərinin müzakirə olunduğu platforma deyil, həm də iqtisadi əlaqələr, kritik texnologiyalar, təchizat zəncirləri və dəniz infrastrukturu sahələrində əməkdaşlıq mexanizmi kimi çıxış edir. Dörd ölkənin ortaq mövqeyinin güclənməsi regionda qüvvələr balansına təsir göstərə, Çinin hərəkət imkanlarını müəyyən dərəcədə məhdudlaşdıra və Hind-Sakit okean regionunda yeni geosiyasi rəqabət mərhələsini sürətləndirə bilər”.
Züriya Qarayeva bildirib ki, Cənubi Çin dənizində təhlükəsizlik və sərbəst gəmiçilik məsələləri QUAD ölkələrinin maraqlarının kəsişdiyi əsas istiqamətlərdəndir:
“Çünki bu akvatoriya dünya ticarətinin mühüm hissəsinin həyata keçirildiyi strateji nəqliyyat marşrutudur və burada baş verə biləcək istənilən hərbi insident qlobal iqtisadiyyata təsir göstərə bilər. QUAD çərçivəsində dəniz məkanındakı vəziyyətlə bağlı məlumat mübadiləsinin genişləndirilməsi, sahil mühafizəsi xidmətlərinin imkanlarının artırılması, birgə təlimlərin keçirilməsi və beynəlxalq dəniz hüququ prinsiplərinin müdafiəsi kimi istiqamətlər ön plana çıxır. Xüsusilə Filippinlə Çin arasında dəniz əraziləri ilə bağlı mövcud fikir ayrılıqları fonunda regional tərəfdaşlara dəstəyin artırılması mühüm əhəmiyyət daşıyır. Bununla belə, QUAD-ı NATO tipli hərbi ittifaq kimi qiymətləndirmək düzgün olmaz. Çünki bu format kollektiv müdafiə öhdəliyindən daha çox siyasi koordinasiya və praktiki əməkdaşlığa əsaslanır”.
Politoloqun sözlərimə görə, qarşıdakı dövrdə dörd ölkə Çinlə birbaşa hərbi qarşıdurmadan yayınmaqla regionda çəkindirmə imkanlarını gücləndirməyə və sərbəst gəmiçilik prinsipinin qorunmasına çalışacaq:
“Əsas məsələ isə bu siyasətin regional sabitliyə xidmət etməsi və böyük güclər arasında açıq hərbi qarşıdurma riskini artırmamasıdır”,- deyə politoloq əlavə edib.
Nuray Dadaşzadə